Mülki gəmilər vurulur: Qara dənizdə donanma müharibəsi riski nə qədər realdır? – ÖZƏL
12:24 SiyasətQara dənizdə Rusiyaya məxsus gəmilər, o cümlədən bitki yağı daşıyan "Midvolqa 2" tankeri Ukraynanın hücumuna məruz qalıb. Ötən həftə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında üzən və Rusiyaya gedən "Kairos" və "Virat" neft tankerləri də vurulub.
Hücumların məsuliyyətini Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Hərbi Dəniz Qüvvələri öz üzərinə götürüb. Zərbələr uzaq məsafə qət edə bilən pilotsuz dəniz aparatları - "Sea Baby" dronları ilə həyata keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hücumları qınayaraq, ölkəsinin eksklüziv iqtisadi zonasında dəniz təhlükəsizliyinin təhdid edilməsinin qəbuledilməz olduğunu bəyan edib və bütün Qara dənizin təhlükə altında olduğunu vurğulayıb.
Mülki gəmilərə edilən bu hücumlar Qara dənizdə gərginliyi və eskalasiya riskini hansı səviyyəyə qaldırır? Qara dənizdə donanma müharibəsi ola bilərmi?
"Rusiyanın Qara dəniz üzərindən özünün qeyri-rəsmi, qeydiyyatsız donanmasını hərəkət etdirməsi davam edir və buna qarşı Ukrayna Hərbi-Dəniz Qüvvələri mövcud imkanları çərçivəsində müdaxilə etməyə çalışır. Bu, ümumi mənada Ukrayna müharibəsinin reallıqlarından biridir. Müharibə dövründə belə hadisələr baş verə bilər. Lakin Türkiyə üçün bu, yolverilməz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilən bir haldır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, rəsmi Ankara hesab edir ki, Qara dəniz Türkiyə üçün strateji regiondur və burada təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması ölkənin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Türkiyə Qara dənizdə ticarət gəmilərinin hərəkətinə edilən müdaxilələri yalnız digər Qara dəniz ölkələri üçün deyil, həm də öz iqtisadiyyatı üçün ciddi problem hesab edir. Çünki əgər Qara dənizdə təhlükəsizlik prinsipləri pozularsa, Türkiyənin bu su hövzəsindən istifadə imkanları məhdudlaşa və bütövlükdə region təhlükəli bir zonaya çevrilə bilər.
"Türkiyə nüfuzu kifayət qədər yüksək olan bir dövlətdir və əgər bu məsələ ilə bağlı Ukraynaya iradlar bildirirsə, böyük ehtimalla rəsmi Kiyev hərbi xarakter daşımayan obyektlərə müdaxilə məsələsində daha həssas yanaşa bilər. Yəni hərbi yük daşımayan və ya sırf ticarət məqsədli gəmilərə zərbələrin endirilməsi dayandırıla bilər," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin fikrincə isə, ümumi mənzərəyə baxdıqda Qara dəniz hövzəsində daha genişmiqyaslı bir münaqişənin baş verməsi ehtimalı hazırda o qədər də real görünmür.
Lamiyə Cəbrayılova