Ukraynada yeni dövlət qurula bilər - ŞOK İDDİA

Ukraynada sülh danışıqlarının növbəti dəfə uğursuzluğa düçar olmasından sonra ABŞ və Avropada müharibəni dayandırmaq üçün yeni ssenarilər axtarılır.

Musavat.com xəbər verir ki, Putinin sabiq spiker-məsləhətçisi Abbas Qallyamov bununla bağlı maraqlı iddia irəli sürüb.

"Mənə elə gəlir ki, danışıqların indiki dalana dirəndiyi vəziyyətdə Trampın "yaradıcı intuisiyası" istər-istəməz hansısa gözlənilməz variant doğuracaq. Məsələn, dörd mübahisəli regionun ərazisində "Şərqi Ukrayna" adlı müstəqil dövlətin yaradılması kimi... (Rusiyanın isə yəqin ki, "Malorossiya" adında israr edəcəyi istisna deyil). Hətta Tramp ora Krımı da əlavə etməyi təklif edə bilər", - deyə Qallyamov qeyd edib.

Ekspertin fikrincə, Tramp belə bir planı təkcə onun qəbul edilməsi üçün yox, həm də tərəflərə təzyiq vasitəsi kimi ortaya ata bilər: yəni ya razılığa gəlin, ya da mənim masaya qoyduğum bu variantla üzləşin. Abbas Qallyamov misal kimi Qəzza ssenarisini göstərir: əhalinin çıxarılması və ərazinin elit daşınmaz əmlaka çevrilməsi haqda ideya qəbul olunmasa da, ərəb tərəfi onun reallaşa biləcəyindən ehtiyat edərək daha yumşaq Amerika variantına razılaşdı.

"Mübahisəli ərazilərin heç bir tərəfə verilməyib ayrıca həyat yaşaması ideyası orada bu gün baş verən qanlı qırğın fonunda o qədər də pis görünməyə bilər. Uzun keçid dövrü, BMT himayəsi altında müvəqqəti administrasiya, beynəlxalq bərpa yardımı və məsələn, beş-on ildən sonra öz müqəddəratını təyinetmə referendumu - "Ukraynaya birləşmək", "Rusiyaya birləşmək" və ya "müstəqil qalmaq" kimi üç variantlı səsvermə - indiki dalan vəziyyətində bir çoxları üçün qəbul edilə bilən çıxış yolu təsiri bağışlaya bilər", - deyə rus ekspert bildirib.

Qallyamov qeyd edib ki, həm Rusiya, həm də Ukrayna yeni qurumu öz təsiri altına almağa çalışacaq, lakin bunu hərbi yolla deyil, siyasi vasitələrlə - siyasi texnologiyalar, kampaniyalar və hətta açıq rüşvətlə etməyə cəhd göstərəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31