Əli Kərimli partiyasını da özü ilə bərabər həbsxanaya apardı - o iki maddə...
18:58 SiyasətAXCP sədri Əli Kərimlinin həbsindən sonra hazırda əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də, onun partiyasının taleyidir. Hüquqşünaslar hesab edirlər ki, ona qarşı irəli sürülmüş ittihamlar AXCP-nin ləğvini labüd hesab edir.
Məlumat üçün bildirək ki, Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunmub.
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Musavat.com-da AXCP-nin ləğvi üçün konkret faktlar göstərdi:
"Əvvəla, onu qeyd edim ki, AXCP adında terrorçu və təxribatçı qurum bu gün siyasi fəaliyyətdən tam uzaqdır və bir az obrazlı desək: siyasətdən başqa hər şeylə məşğuldur. Eyni zamanda belə bir təşkilatın mövcudluğu və fəaliyyəti konkret olaraq Siyasi Partiyalar haqda Qanunun tələblərinə də birbaşa ziddir.
Nümunə göstərim. Məsələn, adıkeçən Qanunun 4-cü maddəsində belə bir bənd var: "Siyasi Partiyaların fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi ixtişaşlara, terrorçuluğa açıq çağırışlar etmək yolverilməzdir".
İndi isə haqqında danışdığımız təşkilatın rəhbərinin nədə ittiham olunmasına nəzər salaq: "Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və sair, ilaxır. Əlqərəz, həmin maddədə, konkret bənddə (4.3.1) hansı qadağan olunmuş fəaliyyət növü varsa - hamısı Əli Kərimlinin əməllərində cəmləşib.
Balıq isə, necə deyərlər, başdan iylənər. Və ya, əgər Kərimli məlum strategiyanı özünə prioritet seçibsə, məlum istiqamətə fokuslanıbsa, demək ki, partiyadaşları da eyni cür düşünüb və davranıb.
Biz daha əvvəllər bu siyasi qolçomaqları, bu nadanları, bu üz qaralarını siyasi və mənəvi məsələlərdə ittiham edirdik. Onların riyakarlığı, Şuşanın işğaldan azad edilməsinə sevinməmələri, eynən erməni, fransız kimi düşünmələri haqda bəhs edirdik. İndi isə məlum olur ki, Kərimli və Mehdiyev "çete"si həm də böyük, qlobal cinayətlərin içində imişlər. Ya da belə deyək: Onlar qara mənəviyyatlarını həm də qara cinayətlərə bulaşdırıbmışlar.
Belə olan halda isə ortalığa sual çıxır: AXCP fəaliyyətini davam etdirə bilərmi? Şəxsən mənim düşüncəm budur: Əsla! Üstəlik, haradan, hansı rakursdan, necə baxsan - yenə, Əsla! Mənəvi tərəfdən də əsla, qanuni tərəfdən də əsla!
Odur ki, hesab edirəm, dövlət qurumları artıq bu barədə ciddi - ciddi düşünməlidir, dərhal hərəkətə keçməlidir və siyasət əvəzinə cinayətkarlıqla məşğul olan AXCP-nin fəaliyyyətini dərhal dayandırmalıdır".