"Qarabağ klanı"nın aqoniyası": Paşinyan niyə Azərbaycanla əlaqələndirilir? – ÖZƏL

"Ermənistanda hazırda belə bir vəziyyət yaranıb ki, Paşinyana müxalif olan qüvvələr hər şeyi Azərbaycan və Türkiyə ilə əlaqələndirirlər. Onlar Paşinyanı Azərbaycan və Türkiyəyə işləməkdə ittiham edirlər. Bu isə Ermənistan cəmiyyətində, xüsusilə də daşnakların, millətçilərin, revanşistlərin - yəni Qarabağ klanının - məğlubiyyətdən sonra yaşadığı "aqoniyanın" nəticəsidir. Onlar bütün günahları Paşinyanın üzərinə yıxır və hər bir addımının  Azərbaycan və Türkiyənin maraqları üçün edildiyini iddia edirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib. Siyasi şərhçi bildirib ki, amma Paşinyanın addımlarının müəyyən məqamlarda Azərbaycanın maraqları ilə üst-üstə düşməsi mümkündür. Azərbaycanın Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olması ehtimalı var, lakin Paşinyan bunu ilk növbədə öz iqtidarının davamı üçün edir. Eyni zamanda Paşinyan bəzi Qərb dairələrinin də maraqlarını nəzərə alır. Çünki Qərb dairələri Ermənistanda Rusiyanın nüfuzunun zəiflədilməsini istəyirlər.

"Məlumdur ki, Ermənistanda kilsə Rusiyaya bağlıdır. Erməni kilsəsinin rəhbərinin qardaşı Moskvada yerləşir və oradakı Erməni Kilsəsinə rəhbərlik edir. Bu səbəbdən, Ermənistanda kilsənin təsirini azaltmaq, Rusiyanın təsir dairəsini zəiflətmək müəyyən siyasi qüvvələrin maraqlarına uyğundur. Ola bilsin ki, bu məsələdə bir neçə qüvvənin maraqları üst-üstə düşür - həm Paşinyanın hakimiyyətini gücləndirmək, həm Ermənistandakı radikal qüvvələri zəiflətmək, həm də Rusiyanın təsir imkanlarını azaltmaq baxımından," - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, erməni cəmiyyəti üçün kilsə həmişə mühüm institut olub. Erməni xalqı tarix boyu kilsə ətrafında birləşib və bu, onların dövlətçilik və kimlik məsələsində əsas dayaqlarından biridir. Dünyada iki xalq var ki, dini mərkəz ətrafında birliklərini qoruyub saxlayırlar: yəhudilər sinaqoq ətrafında, ermənilər isə kilsə ətrafında. Ermənistan üçün kilsə tək ibadət məkanı deyil; həm siyasət, həm tarix, həm iqtisadiyyat mərkəzidir və çox böyük təsir gücünə malikdir.

Ekspert vurğulayıb ki, Paşinyan isə bu kilsə kultunu, ona qarşı olan ənənəvi müqaviməti zəiflətməyə çalışır. Bu isə təbii olaraq Ermənistanda mühafizəkar kəsimdə ciddi narazılıqlar və etirazlar doğurur. Və bu vəziyyətdə də Azərbaycan və Türkiyənin "izi"ni görməyə çalışırlar.

Siyasi şərhçinin fikrincə, Azərbaycan öz maraqları baxımından hərəkət etməlidir. Azərbaycanın maraqlarından biri də Ermənistanın daim daxili qarşıdurma içində olmasıdır. Yəni Ermənistanda sabitlik olmaması, kataklizmlərin davam etməsi  Azərbaycana avantaj yaradır. Bəzilərinin "Paşinyan hökuməti qalmalıdır, ona dəstək verilməlidir" kimi yanaşmalarını mən sərt və yalnış sayırdım. Azərbaycan üçün əsas olan budur ki, Ermənistanda daim qarşıdurma olsun və Azərbaycan da bundan istifadə edə bilsin.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31