İlyas Hüseynov: “Ermənistanın məkrli planları açılır, Azərbaycan isə yeni geosiyasi reallıq yaradır”- ÖZƏL
15:56 Siyasət2016-cı ildə Serj Sarkisyanın Putinə yazdığı məktub Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistanın gizli planlarını açıq göstərir. Məktubda Azərbaycan Kazan sənədini və Madrid prinsiplərini imzalamadığı üçün tənqid olunur, lakin Bakı bu sənədlərdəki "hiylələri" görərək imza atmayıb. Sarkisyanın məqsədi Dağlıq Qarabağı danışıqların tərəfinə çevirmək, referendumla "DQR"i beynəlxalq statuslu etmək və Kəlbəcər-Laçını Ermənistanın nəzarətində saxlamaq olub. Məktubda ən təhlükəli məqam isə belədir: "Əgər Azərbaycan öhdəliklərini yerinə yetirməzsə, həmsədrlər Dağlıq Qarabağın müstəqilliyini tanımağa başlayacaqlar".
_(2).jpg)
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Qarabağla bağlı bir sıra mühüm məqamlar ortaya çıxır və biz bunun həm zəfər diplomatiyası müstəvisində Azərbaycanın Xarici İşlər Nazirliyinin timsalında çox gözəl çəkilmiş sənədli filmdə öyrəndik. Eyni zamanda Ermənistan tərəfinin də uzun illər ərzində məkrli planlarının yavaş-yavaş üstü açılır. Peşəkar insanlar və ekspertlər üçün bu məsələlər yeni deyil, amma Ermənistanın daxilində ictimai-siyasi gərginliklər və hakimiyyət əleyhinə olan iddialar fonunda bir sıra məsələlər ictimailəşir. Məlumdur ki, 2016-cı ildə Sarkisyanın Putinə yazdığı məktub Azərbaycanın ən əsas mövqelərinə qarşı yönəlmişdi. "Dağlı Qarabağ Respublikası"nın beynəlxalq statusunu formalaşdırmaq niyyəti güdülürdü. Eləcə də, Laçın və Kəlbəcər rayonlarını da nəzarətdə saxlamaq əsas hədəf idi.
Azərbaycana təzyiq edirdilər ki, Kazan sənədlərini və Madrid prinsiplərini imzalasın. Bununla Azərbaycan həm də təslimçi sülhlə razılaşmalı idi. Lakin Azərbaycan qətiyyət və prinsipiallıq göstərdi. Bu təklif olunan sənədlər nəinki imzalanmadı, əksinə, Azərbaycan hərbi-siyasi və iqtisadi gücünü artırdı, qüdrətini daha da inkişaf etdirdi. Bu, bizə imkan yaratdı ki, Qarabağ məsələsini hərbi-siyasi yollarla həll edək və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini icra edək.
Bu gün də ölkəmiz əleyhinə hansı strateji hədəflərin formalaşdırıldığını açıq-aşkar görürük. Maraqlıdır ki, erməni prezident həm də Rusiya liderinə məktublar yazaraq Azərbaycana qarşı təzyiq göstərilməsini tələb edirdi. Bütün bunlar təsadüfi deyil və tarixin müxtəlif dövrlərində erməni din xadimləri, siyasi rəhbərləri, ideoloqları daim Kremlə məktublar yazaraq Cənubi Qafqazda sülhü pozur, təhlükəsizlik sistemini zədələyir və öz ambisiyalarını güdürdülər.
Tarix təkrarlanır, müxtəlif proseslərdə eyniliyi görürük. Lakin dəyişən bir nəticə var: Azərbaycan artıq köhnə Azərbaycan deyil. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü, qüdrətli Azərbaycandır. Bu gün Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları artıq bütün dünya qəbul edir, bununla hesablaşır və bu fonda Azərbaycanla əməkdaşlığa can atılır".
Zeynəb Mustafazadə