Putinin Avropanı müharibə ilə hədələməsi nəyə işarədir?- ÖZƏL

Vladimir Putinlə Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə elçi Stiv Uitkovun görüşü barədə bəzi nəticələr çıxarmaq olar. 
1. Ehtimalla ABŞ dondurulmuş Rusiya aktivlərinin bir hissəsini Ukraynada bərpa və quruculuq əməliyyatları adı ilə Moskvaya qaytarmağa razılıq verib. Ukraynada atəşkəs və ya postmüharibə dövründə milyarderlərin fəaliyyət və nüfuz bölgüsü Rusiya-ABŞ razılaşması ilə müəyyən edilir. Kuşnerin danışıqlarda iştirakı da prosesin arxa planını daha aydın təsəvvür etməyə imkan verir. Kuşner həm də ABŞ-nin 28 maddəlik sülh layihəsinin həmmüəlliflərindən biridir. 
Bir neçə informasiya və hədəflər
- "The Insider" yazır ki, Rusiyanın 100 milyard dollarlıq dondurulmuş aktivləri itirilməyəcək, və Putinin milyarder yaxınlarını zənginləşdirmək üçün gələcək biznes imkanlarına yönləndiriləcək. Beləliklə, Rusiyalı və amerikalı oliqarxlar Ukraynada investor kimi öz gəlirlərini əldə etmək şansları əldə etməyi prioritetləşdirirlər. Putinə yaxın olan oliqarx dairələrin ABŞ biznes elitası ilə mədən müqavilələrinə dair gizli danışıqlar aparması da bu fikri gücləndirir; 
- "Wall Street Journal" mənbələri və Avropa kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, danışıqlarda nadir torpaq mineralları, qaz hasilatı və hətta "Şimal axını" boru kəmərinin bərpasına toxunulub. Mənbələr bildirirlər ki, oliqarxlar ABŞ şirkətlərinə Oxot dənizində və potensial olaraq daha dörd regionda qaz hasilatı üçün güzəştlər təklif ediblər. Onlar həmçinin Sibir Arktikasının dərinliklərində yerləşən nəhəng mədən şəhəri olan Norilsk ətrafındakı nikel yataqlarının yaxınlığında və Sibirdə altı işlənməmiş sahədə nadir torpaq metalları hasil etmək imkanlarını işə salırlar; 
- ABŞ prezidenti Donald Trampın kampaniyasının donoru Gentri Beach layihədə pay almaq üçün danışıqlar aparır. Rusiya tərəfdən isə oliqarxiyanı Gennadi Timçenko, Yuri Kovalçuk, Arkadi və Boris Rotenberq qardaşları təmsil edir. ABŞ-nin bundan başqa, milyarder  Todd Boehly Trampın ianəçisi Stiven Linç Vaşinqtondan biznes əməliyyatlarında iştirak üçün icazə istəyirlər. 
2. Geoiqtisadi cəhətdən Uitkovla Putinin danışıqları ABŞ və Rusiya arasındakı  müştərək biznes əməliyyatlarının razılaşdırılması aspektinə yönəlib. Bu ideyanın əsas müəllifi ehtimalla Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kiril Dmitriyevdir. Rusiyanın və ABŞ-nin əsas hədəf nöqtəsi Çinlə bağlı ola bilər və gümanla Vaşinqtonla Moskva Çinin geoiqtisadi portfelinin Ukraynada minimallaşdırılması üzrə də fikir mübadiləsi aparırlar. 
3. Putin görüşdən öncə, Rusiyanın Avropa ilə müharibəyə hazır olduğunu qeyd etdi. Ardınca Putin-Uitkof görüşünün xoş atmosferdə keçməsi onu göstərir ki, ABŞ Rusiyanın Avropaya yönələn təzyiq mexanizmlərinə maneə yaratmaq istəmir - yalnız qırmızı xətlərin tapdalanmaması şərtilə. Putinin Avropanı müharibə ilə hədələməsi bu məsələdə ABŞ-Rusiya gizli razılaşması barədə dərin fikirlər yaradır. Beləliklə, Putin əlavə istiqamətlərə motivasiya qazanır. Ancaq ABŞ də bunun müqabilində Rusiyadan jest gözləyir və burada ABŞ-nin Venesuelaya hərbi müdaxilə variantını gündəmdə saxlaması qarşılıqlı güzəştə dair kartları açır.



Aqşin Kərimov, 
Siyasi təhlilçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31