Rusiya "Turan ordusu" narahatlığında: KTMT dağılma təhlükəsi ilə üz-üzə – ÖZƏL
15:45 SiyasətRusiya mediasının məlumatına görə, Moskva "Turan ordusu" yaratmaq istəyən Türkiyə və Azərbaycana qarşı fəaliyyətini gücləndirmək niyyətindədir.
Prezident Vladimir Putin KTMT-nin Bişkek sammitində təşkilatın silahlı qüvvələrinin müasir silahlarla təchiz edilməsi və döyüş hazırlığının artırılması proqramını elan edib.
Hərbi ekspertlər Putinin bu addımını iki amilə cavab kimi qiymətləndirirlər: ABŞ-Mərkəzi Asiya danışıqları; "Türk NATO-su" yaratmaq istəyən Türkiyə-Azərbaycan əməkdaşlığına qarşı reaksiya.
"Türk Dövlətləri Təşkilatında son zamanlar inteqrasiya prosesi çox sürətlə gedir. Bu proses çərçivəsində artıq Azərbaycan da daxil olmaqla Türk Dövlətləri Təşkilatında ortaq ordu yaradılması, hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atılır".
Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, Türk Dövlətləri Təşkilatının parlamenti var, təşkilat özü geniş nüfuz qazanmış bir qurumdur, siyasi və diplomatik uğurları mövcuddur. İnkişaf və inteqrasiya prosesi sürətlə davam edir. Dünyada müxtəlif təşkilatların, xüsusilə də Avropa İttifaqının böhran yaşadığı bir dövrdə Türk Dövlətləri Təşkilatı son zamanlarda güclənən, mövqelərini möhkəmləndirən və inteqrasiyanı dərinləşdirən təşkilatlardan biridir. Paralel şəkildə, ortaq Türk əlifbasına keçid və digər vacib məsələlər gündəmdədir.
"Eyni zamanda, hərbi sahədə də əməkdaşlığın genişləndirilməsinə ciddi ehtiyac var. Artıq bu istiqamətdə əməkdaşlıq mühiti gücləndirilir. Böyük ehtimalla, Türk Dövlətləri Təşkilatının ordusu - NATO modeli üzrə Turan ordusu formatında bir hərbi birlik - gələcəkdə yaradıla bilər. Bu isə təbii ki, bir çox ölkəni, o cümlədən Rusiyanı və İranı narahat edəcək," - deyə ekspert əlavə edib.
Rusiyanın narahatlığı nədən ibarətdir?
Mərkəzi Asiya ölkələrinin əksəriyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Əgər bu ölkələr, məsələn, Qazaxıstan, Qırğızıstan, Özbəkistan KTMT-dən əlavə olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılacaq bir hərbi ittifaqa, yəni Turan ordusuna üzv olsalar, Rusiya bunu qəbul edə bilməyəcək. Bu addım həm KTMT-nin nüfuzdan düşməsinə, həm də təşkilatın dağılmasına səbəb ola bilər. Çünki KTMT-nin əsas nüvəsini Mərkəzi Asiya ölkələri təşkil edir. Onları çıxardıqda KTMT-nin kifayət qədər zəiflədiyi görünür. Ermənistan artıq KTMT-dən faktiki olaraq uzaqlaşıb, Rusiyadan və Belarusdan başqa demək olar ki, heç kim qalmır.
Ekspert qeyd edib ki, buna görə də Rusiya Mərkəzi Asiya ölkələri ilə işləməyə çalışacaq ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində ayrıca hərbi ittifaqın Turan ordusunun yaradılmasının qarşısını alsın.
Lamiyə Cəbrayılova