Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və Kremlin reaksiyası- ÖZƏL
15:05 SiyasətRusiya mediası yazır ki, Moskva "Turan ordusu" yaratmaq istəyən Türkiyə və Azərbaycana qarşı fəaliyyətini gücləndirmək niyyətindədir. Prezident Vladimir Putin KTMT-nin Bişkek sammitində təşkilatın silahlı qüvvələrini müasir silahlarla təchiz etmək və döyüş hazırlığını artırmaq proqramını elan edib. Hərbi ekspertlər Putinin bu addımını ABŞ-Mərkəzi Asiya danışıqlarına cavab və "Türk NATO-su" yaratmaq istəyən Türkiyə-Azərbaycan əməkdaşlığına qarşı reaksiya kimi qiymətləndirirlər.
Ekspertlər qeyd edirlər ki, "Türk Dövlətləri Təşkilatı" indi ticarət və mədəni əməkdaşlıqdan hərbi-siyasi əməkdaşlığa, birgə təlimlər və silah təminatına keçib. Bu, Kremlə görə, Rusiyanın türkdilli bölgələrində təxribatlara yol açmaq potensialı yaradır. Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda güclənən müdafiə ittifaqı regional güc balansını dəyişdirir və strateji əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Son illər Türk dövlətləri arasında əlaqələrin güclənməsi və Türk Dövlətləri Təşkilatının getdikcə daha nüfuzlu bir təşkilata çevrilməsi əlbəttə ki, bir çox güclü mərkəzləri məmnun etmir, rahatsız edir. Və xüsusilə son 5 ildə bu dövlətlər arasında həm ticarət əlaqələrinin ciddi şəkildə artması, həm də humanitar, mədəni, iqtisadi, ticari, enerji, logistika və s. istiqamətlərdən əlavə, hərbi texnika sahəsində əməkdaşlığın güclənməsi, birgə təlimlərin keçirilməsi şübhəsiz ki, bir çox gücləri, xüsusilə də Rusiyanı heç məmnun etmir.
Çünki Rusiya hesab edir ki, Türk dövlətlərinin yerləşdiyi coğrafiyalar keçmiş Rusiya İmperiyasının müstəmləkələri olub və burada Rusiyanın xüsusi hüquqları var, bura onun təsir zonasıdır. Əlbəttə ki, məhz bununla bağlı Rusiya tərəfindən bəzən isterik, bəzən də aqressiv açıqlamaların şahidi oluruq. Amma bütün bunlar şübhəsiz ki, Türk dövlətləri tərəfindən də diqqətlə izlənilir. Yəni, Türk Dövlətləri Təşkilatının varlığı, formalaşması və inkişaf etməsi kiminsə istəyindən asılı deyil və hansısa xarici gücün ona münasibəti bizim üçün əsas məsələ deyil. Türk Dövlətləri Təşkilatı Türk millətinin və bu dövlətlərin maraqları üçün lazım olanı edir və edəcək.
O ki qaldı Türk NATO-su yaradılması məsələsinə, əlbəttə ki, burada lokomotiv rolunda Türkiyə və Azərbaycandır. Azərbaycanda öz ordusunu artıq Türkiyə ordusu modeli əsasında qurmağa başlayıb və bu işlər yekunlaşmaq üzrədir. Bundan başqa, həm Azərbaycan, həm Türkiyənin Mərkəzi Asiya və Türkistan dövlətləri ilə hərbi əməkdaşlığı getdikcə daha ciddi xarakter almağa başlayıb. Birgə təlimlərin keçirilməsi, hərbi əməkdaşlığın gücləndirilməsi kimi məsələlər bizim maraqlarımıza uyğundur və bunu inkişaf etdirəcəyik.
Rusiyanın məsələ ilə bağlı münasibəti isə onun problemidir. Rusiya bu dövlətlərə təsir göstərmək istəyəcək. Biz bunu son KTMT toplantısında da müşahidə etdik, Vladimir Putin Ukrayna savaşında Rusiya silahlarının uğurla sınaqdan çıxdığını və KTMT üzvlərinin də bu silahlardan istifadə etmələrinin vacibliyini qeyd etdi. Rusiya hərbi komponenti çox vacib hesab edir və istəyir ki, bu dövlətlər onun təsirində qalmaq üçün Rusiya hərbi silah və doktrinasına uyğun davransınlar.
Amma nəzərə almaq lazımdır ki, Rusiyanın son dövrlər Ukrayna savaşından sonra həm Türkistan coğrafiyasında, həm də Güney Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib və Rusiya indi onları əvvəlki təsir imkanlarına bərpa etməyə çalışır. Bunun nə qədər mümkün olacağını isə Ukrayna savaşının nəticələri müəyyən edəcək. Bütün hallarda, bir daha qeyd edirəm ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə hər bir sahədə əlaqələrin gücləndirilməsi istiqamətində intensiv addımlar atacaq".
Zeynəb Mustafazadə