5 saat niyə boşa getdi? ABŞ-Rusiya danışıqlarının “qara qutusu” bunları gizlədir...

Ukrayna müharibəsinin ən gərgin mərhələsində ABŞ və Rusiya arasında aparılan qeyri-rəsmi danışıqlar gözlənildiyi kimi dalana dirənib. Məlum olduğu kimi, Trampın xüsusi nümayəndəsi, biznes ortağı və uzun illərdir adı müxtəlif qalmaqallarda hallanan Stiven Uitkoff, eləcə də prezidentin kürəkəni, "kölgə diplomatiyasının" simasına çevrilmiş Cared Kuşner Moskva ilə apardıqları 5 saatlıq müzakirələrdən heç bir nəticə əldə etməyiblər. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri nəzərdən keçirsələr də, ortaq mövqe formalaşdıra bilməyiblər.

Daha da diqqətçəkən məqam odur ki, nə ABŞ, nə də Rusiya tərəfdən bu danışıqlara qatılan şəxslər diplomat və ya peşəkar siyasətçidir.

Bu arada, bütün dünyanın diqqəti danışıqlara yönəldiyi bir vaxtda Vladimir Putin Avropaya sərt xəbərdarlıq edib:

"Müharibə istəyirsinizsə, biz hazırıq!"

Kreml rəhbərinin bu bəyanatı Avropada ciddi narahatlıq yaradıb. Çünki Rusiya artıq açıq şəkildə göstərir ki, yalnız Ukrayna ilə deyil, onu dəstəkləyən ölkələrlə də qarşıdurmanı dərinləşdirməyə hazırdır. Eyni zamanda Ukrayna ordusu da geri çəkilmir. Kiyev Moskvanın ən həssas nöqtələrindən biri olan yanacaq-energetika məntəqələrinə dron hücumlarını daha da intensivləşdirib.

Bəs 5 saatlıq görüşün nəticəsiz qalmasının əsas səbəbi nə idi? Mövqelər tam ziddir, yoxsa tərəflər sadəcə vaxt qazanmağa çalışır?Putinin "Müharibə istəyirsinizsə, hazırıq" mesajının arxasında hansı strateji məqsədlər dayanır? Bu, real hərbi eskalasiya niyyətidir, yoxsa psixoloji təzyiq?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

SAHİN.jpg (74 KB)

Politoloq qeyd edib ki, Moskva görüşünün nəticəsiz qalacağı əvvəldən proqnozlaşdırılan bir məsələ idi:

"Çünki tərəflərin baxışlarında fundamental ziddiyyətlər hələ də ortadan qaldırılmayıb və danışıqların davranış dinamikası bunu açıq şəkildə göstərir.

Trampın əvvəlki sülh planı Rusiya tərəfindən müəyyən qədər müsbət qarşılanmışdı, lakin sonradan ABŞ daxilində, xüsusilə Ukrayna və Avropa İttifaqının etirazları fonunda həmin planın bir çox bəndinə ciddi dəyişikliklər edildi. Bu dəyişikliklər Moskvanın gözləntilərinə uyğun gəlmədiyindən danışıqlar masasında real irəliləyiş əldə olunmadı".

Politoloq bildirib ki, ən gərgin və kompromissiz məsələ isə Donbas bölgəsi ilə bağlıdır:

"ABŞ Ukraynaya təzyiq göstərərək Kiyevin Rusiyanın nəzarət etdiyi hissədən imtina etməsini istəyir. Lakin Ukrayna buna getmək niyyətində deyil, çünki ərazi bütövlüyündən geri addım atmaq dövləti həm siyasi, həm də milli identitet baxımından zəiflədə bilər. Rusiya isə əksinə, həmin bölgəni artıq öz ərazisi kimi tanıtmaq və bunun rəsmi şəkildə qəbul edilməsini tələb edir. Bu maddə ətrafında fikir ayrılığı tamamilə aradan qalxmadığı müddətcə hər hansı razılaşmanın əldə olunması mümkün deyil.

Tramp tələsir, ABŞ-ın daxilində siyasi vəziyyət, seçki təzyiqləri və özünün geosiyasi ambisiyaları onu müharibəni hər hansı yolla dayandırmağa sövq edir. Lakin Rusiya tamam fərqli mövqedədir. Ukrayna müəyyən şərtlərlə atəşkəsə razılaşmağa hazır görünür, amma Kreml istəyini almadan, Putinin tələbləri təmin olunmadan heç bir atəşkəs razılaşmasına imza atmayacaq. Bu isə onu göstərir ki, danışıqların hazırkı mərhələsində də ciddi nəticələr gözlənilmir".

Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyanın "qalib kimi görünmək" iddiası təkcə Ukraynanın deyil, Avropanın maraqlarına da ziddir:

"Məhz bu səbəbdən Avropa tərəfi son günlər intensiv şəkildə diplomatik fəallığını artırıb. Uitkoffun Moskvaya getməsinə bir gün qalmış Zelenskinin Fransada Makronla görüşməsi təsadüfi deyil. Zelenski Avropanın siyasi dəstəyini gücləndirmək istəyir ki, ABŞ Kiyevə hansısa "şərti sülhü" qəbul etdirmək üçün təzyiq göstərsə, Avropa Ukraynanın arxasında dayansın və onu məcburi, ləyaqətsiz sülhə sürükləməsin.

Hazırkı mənzərə göstərir ki, nə tərəflər güzəştə meyillidir, nə də danışıqlar fərqli istiqamətə yönləndirilir. Fundamental ziddiyyətlər qalmaqda davam etdikcə, Moskva görüşünün nəticəsiz qalması kimi, gələcək danışıqlarda da ciddi irəliləyiş gözləmək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31