Türk Dövlətləri Təşkilatı mühüm geosiyasi təsir mərkəzinə çevrilir - Nazir müavini
11:22 SiyasətTürk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq məkanı deyil, həm də mühüm geosiyasi təsir mərkəzinə çevrilir. Təşkilatın beynəlxalq nüfuzunun artması sevindirici haldır. Artıq tariximiz, etnik bağlarımız və milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Nazirin birinci müavini bildirib ki, oktyabrın əvvəlində Azərbaycanın qədim şəhəri olan Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünün keçirilməsi və qəbul edilən mühüm qərarlar bunun bariz nümunəsidir:
"Zirvə görüşü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi barədə qərar qəbul edilib, bizim bugünkü iclasımız üçün də bu addımlar möhkəm zəmin yaradıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində digər sahələr üzrə platformalarda da əməkdaşlıq genişlənir və intensiv görüşlər keçirilir. Bu il həm Azərbaycanda, həm də digər dost və qardaş ölkələrdə müxtəlif mövzular üzrə keçirilən uğurlu tədbirlər və qəbul olunan qərarlar yadda qalıb".
Rəşad İsmayılov vurğulayıb ki, bu gün təşkilat çərçivəsində xəritəçilik və geodeziya qurumlarını bir araya gətirən görüş də regional səviyyədə vahid standartların tətbiqi, bilgi-məlumat mübadiləsinin gücləndirilməsi və ortaq tematik xəritələşmə təşəbbüslərinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
"İndi seyr etdiyimiz videogörüntüdən də göründüyü kimi, Azərbaycanda xəritəçilik sahəsi uzun və zəngin inkişaf yolu keçib, müxtəlif dövrlərin elmi-texniki nailiyyətləri ilə daha da zənginləşdirilib. Azərbaycan olaraq biz xəritəçilik, geodeziya və GIS sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəm veririk", - deyə o qeyd edib.