Kərimlinin iki yaxın adamı onu satdı – Rusiya ilə əlaqələr barədə yeni etiraflar

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ismarış göndərib. Qurum Ə.Kərimlinin Rusiyada bizneslə məşğul olan yaxın adamı Saleh Rüstəmlidən tələb edib ki, Əli Kərimliyə Ukraynanı müdafiədən geri durması barədə məlumat çatdırsın.

Bu barədə AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə müsahibəsində danışıb. Milli Şuranın sədri Cəmil Həsənli də Meydan TV-yə eyni fikirləri söyləyib.

Əksər ekspertlərin fikrincə, bu açıqlama AXCP-nin Rusiya ilə əlaqələrinin bir etirafı kimi qiymətləndirilir. FSB niyə başqa partiya sədrindən yox, məhz Əli Kərimlidən bu tələbi edir?

Seymur Həzinin və Cəmil Həsənlinin açıqlamaları hüquqi məsuliyyət yarada bilər? Bu vəziyyət mənəvi və siyasi baxımdan hansı nəticələrə səbəb ola bilər?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Əli Kərimli birbaşa Ramiz Mehdiyev işi ilə bağlı həbs edilib:

"Səbail Rayon Məhkəməsi Əli Kərimli barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçib və hazırda ictimai müzakirələrdə əsas mövzu onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmaması, bu əlaqələrin necə formalaşması və kimlər vasitəsilə həyata keçirilməsi ilə bağlıdır. Bu məsələlər hazırda gündəmdədir və istintaqın da diqqətində duran əsas istiqamətlərdən hesab olunur".

Elman Nəsirov DTX tərəfindən Əli Kərimlinin mənzilində aparılan axtarış zamanı Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktubun mətbuata çıxmamış, redaktə olunmuş variantının aşkar edildiyini xatırladıb:

"İstiqamət Moskvadır. Amma sual yaranır: nə üçün həmin məktubun redaktə olunmuş variantı Əli Kərimlinin evindən tapılıb? Bu isə o deməkdir ki, məktubun hazırlanması və Moskvaya göndərilməsi məsələsində Əli Kərimlinin iştirakı olub, o, bu sənədin redaktəsində iştirak edib və prosesdə öz mövqeyini ortaya qoyub".

Deputatın sözlərinə görə, axtarış zamanı həmçinin 2012-ci ildə yaradılan "Milyarderlər İttifaqı" ilə Əli Kərimlinin əlaqələrini təsdiqləyən sənədlər də tapılıb:

"Milyarderlər İttifaqı" Rusiyanın layihəsi idi və istək hakimiyyəti dəyişmək olub. Bu məqsədlə 2013-cü ildə Milli Şura yaratmışdılar. Məqsəd o idi ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri vasitəsilə həmin ilki prezident seçkilərində qalib gəlsinlər, sonra iki illik müvəqqəti hökumət qurub, ardınca seçkilər keçirərək prezident seçsinlər. Böyük ehtimalla, "Milyarderlər İttifaqında" söz sahibi olan Abbas Abbasovu prezident kürsüsündə görmək istəyirdilər".

Deputat istintaq prosesində son günlər daha bir məqamın üzə çıxdığını qeyd edib:

"Əli Kərimlinin yaxın silahdaşlarından biri Saleh Rüstəmlinin Rusiyanın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub. Bu əlaqələr o qədər intensiv olub ki, həmin orqanlar vasitəsilə tez-tez Əli Kərimliyə ismarış göndərilib. Həmin ismarışlardan birini artıq Əli Kərimlinin müavini Seymur Həzi Meydan TV-yə müsahibəsində etiraf edib. Bu ismarış Əli Kərimlini Ukraynanı müdafiə etməkdən yayınmasına yönəlib. Yəni FTX ilə sıx əlaqələr reallaşdırılıb".

Elman Nəsirovun fikrincə, bütün bu faktlar Əli Kərimlinin özünü ictimaiyyətə qəhrəman kimi göstərməyə çalışmasına baxmayaraq, əslində Rusiyanın təsir dairəsində olduğunu göstərir:

"Milyarderlər İttifaqı" Rusiyanın əlində bir alət idi. Bu alət vasitəsilə Milli Şura yaradılıb və nəticədə Azərbaycan Xalq Cəbhəsi Partiyası da həmin strukturun bir alətinə çevrilib. Əli Kərimli siyasi manipulyasiya ilə məşğul olub, maskalanıb, amma real istiqamət Rusiya yönümlü olub".

Deputatın sözlərinə görə, bütün bu məqamlar nəticəsində Əli Kərimlinin saxlanılması təmin edilib və istisna deyil ki, proses digər şəxslərin də həbsi ilə davam etsin:

"Bu prosesdə Saleh Rüstəmlinin də hüquqi müstəvidə cəzasını alacağı gözləniləndir. Eyni zamanda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mövcudluğu da suallar doğurur. Əgər bir partiyanın lideri anti-Azərbaycan siyasəti həyata keçirir, hakimiyyəti zorla ələ almaq və konstitusion quruluşu devirmək xətti yürüdürsə, həmin partiyanın bu prosesin ideoloji və təşkilati mərkəzi olması məsələsi də ortaya çıxır. Ona görə də bu partiyanın fəaliyyətinə xitam verilməsi həm zamanın tələbidir, həm də ictimai sifarşdir".

Vəkil Mehman Muradlı isə bildirib ki, Əli Kərimlinin Rusiyaya bağlılığı məsələsi bu günün xəbəri deyil.

Onun sözlərinə görə, bu mövzuda müzakirələr 2010-2012-ci illərdə daha çox olurdu:

"Həmin illərdə Əli Kərimli ətrafında olan bəzi insanlar hətta Rusiya ilə əlaqəyə girməyə hazır idilər ki, hakimiyyətə təsir etsinlər. Həmin dövrdə adı "Milli Şura" qoyulan quruma Rusiyadan da maliyyə dəstəyi gəlmişdi, lakin planlarını həyata keçirə bilmədilər. İndi Seymur Həzinin Meydan TV-yə verdiyi açıqlamadan belə çıxır ki, Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın dəstəyini qazanmaq Rusiya üçün vacib imiş".

M.Muradlı bildirib ki, Xalq Cəbhəsi Partiyasının Rusiya ilə münasibəti və Ukrayna müharibəsində mövqeyi Rusiya üçün əhəmiyyətli olardı:

"Lakin görünən odur ki, bu istiqamətdə ciddi hərəkət baş verməyib. İctimai qınaqdan çəkinən Əli Kərimli və ətrafındakı idarə heyəti üzvləri arasında nə baş verdiyi yalnız yaxın çevrəsi üçün məlumdur. Əlavə olaraq, bəzi şəxslər xeyriyyə və ya dəstək məsələlərini öz maraqları üçün istifadə etməyə çalışıblar, amma geniş ictimaiyyət üçün bu, heç bir nəticə verməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31