Ermənistanda seçki və referendum eyni gün: Paşinyanın siyasi hesabı nədir?- ÖZƏL

Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib. İclasda prokurorluq və istintaq orqanları ilə bağlı müddəalar müzakirə olunub. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, yeni konstitusiya layihəsi mart ayına qədər hazırlanmalıdır. Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək.  Yeni konstitusiya layihəsinin seçkilərlə eyni gündə referendumla qəbul edilməsi Ermənistanın siyasi gündəminə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Burada iki məsələ mümkündür. Məsələnin birisi odur ki, Paşinyan burada faktiki olaraq konstitusiyada müəyyən dəyişikliklər etmək istəyir və bu dəyişikliklərin standart vaxtda çox problemli ola biləcəyini düşünür. Düşünür ki, bunları əhali qəbul edə bilməz və ya çox müzakirə açılar. Ona görə Paşinyan düşünür ki, bunları seçkilərlə eyni vaxta salmaq lazımdır. Belə olan halda bu o deməkdir ki, o özünün yenidən seçiləcəyinə və yüksək səs qazanacağına əmindir. Bilir ki, onsuz da yüksək səs yığacaq və hakimiyyəti davam etdirəcək. Ona görə də ona lazım olan konstitusiyada dəyişiklikləri öz seçki proqramında təbliğ edərək və onsuz da qalib gələcək seçkidə böyük çoxluqla səs alacağını bildiyinə görə bu şəkildə konstitusiyada dəyişiklikləri keçirə biləcəyini düşünür. Bu, bir versiyadır.
İkinci versiya isə ondan ibarətdir ki, burada Paşinyan seçkilərlə bağlı müəyyən təhlükə görür. Xüsusən nəzərə alsaq ki, Rusiya burada həm kilsənin, həm keçmiş müxalifət rəhbərliyinin, həm oliqarxların, həm də özünə yaxın bütün qüvvələrin vasitəsilə Paşinyana qarşı birləşir, o, seçkidə təhlükə görür. Ona görə də konstitusiya islahatları ilə əhaliyə müəyyən vədlər veriləcək. O düşünür ki, bu vədləri seçkilərlə eyni vaxtda elan etsə, əhali məhz bu vədlərə inanaraq ona səs verə bilər. İstənilən halda Paşinyan böyük ehtimalla bununla bağlı siyasi texnoloqlarla işləyir və əgər konstitusiyanın və seçkilərin eyni vaxtda keçirilməsi ilə bağlı hər hansı bir fayda görməsələr, buna böyük müdaxilə etməzlər. Düşünürəm ki, müxalifət bundan istifadə edəcək. Xüsusilə də ən çox istifadə edəcəkləri istiqamət Azərbaycanın qarşı addımlarıdır. Müxalifət də burada ən çox məhz Azərbaycanın qarşı addımlarını qabardacaq. Yəni Paşinyanın Azərbaycanın istəklərini yerinə yetirdiyini, Azərbaycanın təzyiqlərinə uyğun qərarlar verdiyini iddia edəcəklər. Ona görə düşünürəm ki, müxalifət xüsusilə bu istiqamətdə Paşinyana qarşı təzyiqlərini yönəldəcək və bunu qabardacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31