“Rusiyanın bu gün müharibədə uduzmamasının səbəbi ABŞ-nin bunu istəməməsidir” – ÖZƏL

Bu gün dünyanın diqqəti Moskvaya yönələcək. Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüş keçirəcək.
Görüşün əsas müzakirə mövzusu, şübhəsiz ki, Donald Trampın 28 bəndlik sülh planı olacaq. Planın ilkin versiyaları artıq məlumdur.
Ekspertlər hesab edirlər ki, Ukrayna məsələsi Kiyevin iştirakı olmadan, yəni Zelenskisiz, iki supergüc arasında müzakirə edilir. Mütəxəssislər bu vəziyyətin dünya üçün xoş heç nə vəd etmədiyini bildirirlər.
Artıq Avropa İttifaqı liderlərinin hazırladığı 24 bəndlik plan faktiki olaraq kənara atılıb.

Ukraynanı necə bir sonluq gözləyir? Kiyev iştirak etmədən Ukrayna məsələsinin müzakirə edilməsi, beynəlxalq hüquq və diplomatiya baxımından hansı presedenti yaradır?

"Bu məsələdə ikili fikir formalaşır, amma reallıqları görmək çox vacibdir. Reallıq ondan ibarətdir ki, bu gün Amerika nə Ukraynanı, nə də Zelenskini özünə uyğun dövlət başçısı kimi görür. O, Putini özünə bərabər səviyyədə qəbul etdiyi bir lider hesab edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, digər tərəfdən isə Amerikanın iqtisadi və biznes maraqları nəzərə alınmalıdır. Hazırda ABŞ-nin maraqları daha çox Rusiya üzərində qurulub. Çünki Rusiyanın həm sərvətləri böyükdür, həm də ABŞ-yə təklif edə biləcəyi real biznes variantları daha çoxdur.
Amerika Ukraynanı artıq uduzmuş dövlət kimi görür. O, silah-sursatı Ukraynaya yox, əsasən Avropa üzərindən satır və buradan qazanc əldə edir. Eyni zamanda Avropa Birliyinə göstərir ki, siz nə qədər cəhd etsəniz də, Rusiyanı məğlub edə bilmirsiniz. Çünki Rusiyanın uduzması üçün Amerikanın özü bunu istəməlidir. Bunu hər kəs anlamalıdır: Rusiyanın bu gün müharibədə uduzmamasının səbəbi ABŞ-nin bunu istəməməsidir. Əgər ABŞ istəsəydi, çoxdan Rusiyanın uduzmasına nail olardı.

"Lakin bu gün ortaya bir "qurban" çıxıb və bu qurban Ukrayna torpaqlarıdır. Bu, acı olsa da, reallıqdır. Heç kim işğalçı dövləti yaxşı göstərmir, amma siyasətin bu gün gəlib çıxdığı nöqtədə güclü tərəfin iradəsi keçərlidir. Bu gün güclü tərəf isə Rusiya və ABŞ-dir.
ABŞ nümayəndəsi Vitkoffun Putinlə birbaşa görüşməsi - Zelenskisiz, Ukraynaya getmədən birbaşa Moskvaya getməsi bunun açıq göstəricisidir.
Trampın təklif etdiyi 28 maddəlik saziş imzalanmasa belə, ABŞ artıq Yermakın vəzifədən uzaqlaşdırılması ilə mesaj verdi ki, "mənim dediyim adam gəlməli və mənim planımla hərəkət olunmalıdır".
Ukrayna bu gün nə Krımı, nə Luqanskı, nə Donetskı, nə də digər bölgələri geri ala biləcək durumda deyil. ABŞ isə Ukraynaya yeni bir plan təklif edir: digər bəzi bölgələri qoruyub saxlamaq, Rusiyanın daha irəli getməsinin qarşısını almaq və bu zonalarda təhlükəsizlik xətti yaratmaq. Həm Kiyev, həm Xarkov, həm də digər şəhərlərin bombalanmasından görünür ki, proses yeni mərhələyə keçib. Bu təhlükəsizlik xəttində ABŞ əsgərləri birbaşa olmayacaq, lakin onların iştirakı Avropa strukturları üzərindən təmin edilə bilər," - deyə ekspert əlavə edib.

R. Məmmədova qeyd edib ki, burada Ukraynanın Avropa Birliyinə qəbulu məsələsi də gündəmdədir. Əgər qəbul edilərsə, artıq Avropa ölkəsi sayılacaq. Amma sual budur: Avropaya bu gün Ukrayna lazımdırmı? 

Dağıdılmış bir dövlət Avropa üçün böyük yükdür. Avropa düşünür ki, Rusiya rezervləri ilə Ukraynanı bərpa edə bilər, amma buna nə Rusiya, nə də ABŞ imkan verəcək. Ona görə Ukrayna müəyyən məsələlərdə razılığa gəlməli, bəzi torpaqları əlində saxlayaraq sülh və ya atəşkəs sazişini qəbul etməlidir. Trumpın təklif etdiyi bəzi maddələrlə qismən razılaşmaq da bu istiqamətdə ola bilər.
Avropa Birliyinə gəlincə, bu qurumun hazırda ABŞ-dən asılılığı daha da artıb. Avropa ölkələri özlərini hərbi baxımdan belə qoruya bilmirlər və ABŞ də onları qorumaq niyyətində deyil.

"Bu gün Avropanın ən güclü ordusu Ukrayna olacaq, əgər onu qəbul etsələr. Çünki Ukrayna 3-4 il ərzində böyük hərbi təcrübə əldə edib və Avropanın ən güclü ordularından birinə çevrilə bilər.
Avropa Birliyi bu münaqişədə demək olar ki, heç bir rol oynamır. Necə ki, Qarabağ müharibəsində də rol oynamamışdı, indi də Ukrayna-Rusiya müharibəsində heç bir təsiri yoxdur. Çünki nə Putin, nə də Tramp Avropa liderlərini ciddi tərəfdaş kimi masaya çağırırlar," - deyə siyasi şərhçi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31