"Terror və separatizmə bəraət yoxdur" – Şakir Ağayev – ÖZƏL

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları (o cümlədən Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David Babayan və digərləri) barəsindəki cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclasında bütün müdafiə tərəfləri, o cümlədən Qurgen Stepanyanın, Vasili Beqlaryanın, Arkadi Qukasyanın və David Babayanın vəkilləri, müvəkkillərinin elan olunmuş ittihamlarda özlərini təqsirli bilmədiklərini əsas gətirərək, onlara bəraət verilməsini xahiş ediblər.
Müdafiəçilər, xüsusilə də Vasili Beqlaryanın xidmətinin könüllü və iqtisadi səbəblərdən olduğunu vurğulayıblar.

"Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, Azərbaycana qarşı terror hadisələri törətmiş, separatizm fəaliyyəti ilə məşğul olmuş, əhaliyə və Azərbaycanın sərvətlərinə qarşı cinayətlər törətmiş şəxslər heç bir şəkildə bəraət ala bilməz".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bəzən bu məsələ gündəmə gətirilir. Təəssüf ki, beynəlxalq müstəvidə bəzi dövlətlər ikili standart nümayiş etdirərək həmin şəxslərin azad edilməsini tələb edirlər. Ancaq bu insanlar bütün mənada beynəlxalq cinayətlər törədiblər və ən ağır kateqoriyadan olan terrorizm və separatizm ittihamları ilə məsuliyyətə cəlb olunublar. 

"Əgər bu şəxslər bu cinayətlərdə ittiham olunurlarsa, Azərbaycan məhkəməsi onları həm beynəlxalq, həm də daxili qanunvericiliyə əsasən mühakimə edir. Bu insanların bəraət alması mümkün deyil.
Bu sahədə istisna səlahiyyət yalnız Azərbaycan Prezidentinə məxsusdur. Məhkəmənin hökmü qüvvəyə mindikdən və bütün prosedurlar başa çatdıqdan sonra dövlət humanist addım kimi müəyyən şəxsləri əfv edə bilər. Bu isə yalnız bir halda mümkündür: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra bu məsələyə baxıla bilər. 
Hazırkı vəziyyətdə isə onların məhkəmədən bəraət alması mümkün deyil," - deyə siyasi   vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31