Hazırda barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil-Deputat

"Azərbaycan münaqişə sonrası humanitar proseslərdə daim məsuliyyətli mövqe nümayiş etdirir. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, azad edilmiş ərazilərdən minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı məsələlərində son dərəcə müdrik, qətiyyətli mövqe nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib: "Artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz əməkdaşlığın, yeni sərmayə axınlarının, yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir. Bu hədəf üçün Azərbaycan lazımı siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməni əslli şəxslərə dair mövqeyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsasız iddialarını stimullaşdırır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsrlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib. Bu gün ölkəmizdə saxlananlar və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil. Onlar Azərbaycan Respublikasının qanunvericiliyini əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31