Bakı 6 ermənini İrəvana qaytarır? - “Əsrin məhkəməsi”ndə dönüş

Azərbaycanlı vəkillər hərbi canilərin bəzilərinə bəraət verilməsini istəyib - reaksiya

Xəbər verildiyi kimi, noyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Prosesdə təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb. 

Təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışında xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. "Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm", - deyə vəkil əlavə edib. Q.Stepanyanın digər vəkili Rafiq Kərimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov deyib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədilməsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu - əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib. Müdafiəçi deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 3 il müddətinə müqavilə imzalayaraq Xankəndi şəhərində yerləşən hərbi birləşmədə xidmət etməsi faktının təqsir qismində Vasili Beqlaryana şamil edilməsi ədalətli və qanuni sayıla bilməz. Belə ki, həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.

O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib. Müdafiəçi V.Beqlaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, ittiham tərəfinin sübutlarını qəbul etmədiklərini söyləyərək, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Digər vəkil Nailə Tağıyeva da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Manukyanın müdafiəçisi Valeh Qurbanov Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Təqsirləndirilən David Babayanın vəkili Çingiz Mansurov isə bildirib ki, hüquqlarını müdafiə etdiyi D.Babayan 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinə könüllü şəkildə təslim olub. Müdafiəçi deyib ki, D.Babayan özünü elan olunmuş ittihamlarda təqsirli bilmir. O, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Madat Babayanın müdafiəçisi Leyla Namazzadə isə Babayanın ittiham olunduğu epizodlar üzrə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Onun digər müdafiəçisi Elnur Vəliyev də özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərdiyi xüsusatlarla razılaşdığını bildirib.

Məhkəmə prosesi dekabrın 4-də davam etdiriləcək.

Müdafiəçilərin bəraət istəməsi nədən xəbər verir? Məhkəmə 6 ermənini azad edə bilərmi? Təcrübə nə deyir? Bu 6 nəfərdən hansınınsa səhhət probleminin olması mümkündürmü?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məhkəmə prosesinin açıq və şəffaf keçirildiyini, Azərbaycan dövlətinin bu mühakiməni obyektiv təşkil etdiyini açıqladı. Onun sözlərinə görə, bütün sübut və dəlillər təqdim olunur, vəkillər isə hər hansı təzyiq altında olmadan müstəqil şəkildə təqsirləndirilən şəxsləri müdafiə edirlər: "Bu da Azərbaycanın hərbi cinayətlərdə ittiham olunan ermənilərlə bağlı beynəlxalq ictimaiyyətdə bəzi hay-küy qaldıranlara sərrast cavabıdır. Məhkəmə prosesinin gedişində ölkəmizə müxtəlif ittihamlar səsləndi, mühakimə olunan şəxslər "əsir" adlandırıldı, lakin Azərbaycan bu prosesi səliqəli və səbrlə davam etdirdi. Yəni istintaq materialları, faktlar ortadadır. Bu şəxslərin Azərbaycan dövlətinə, xalqına qarşı cinayətləri sübuta yetirilib, qanunsuz bir rejim qurub torpaqlarımızda cinayətkar fəaliyyət göstərdikləri tədqiq olunub. Ona görə də onların məsuliyyətdən azad olunacağını gözləmirəm. Təbii ki, vəkilin işi müdafiə etdiyi şəxslə bağlı məhkəmədən yüngül cəza verilməsini xahiş etməkdir. Amma məhkəmənin bəraət verəcəyinə inanmıram".

Politoloq Züriyə Qarayeva onlara bəraət verilməsinin əleyhinədir. Ekspert vəkillərin xahiş etməsinə baxmayaraq onların qanunsuz hərəkətlərinə hüquqi qiymət veriləcəyini vurğuladı. "Məhkəməsi gedən şəxslər Azərbaycan qanunlarını pozub və qeyri-qanuni bir xunta rejiminə qulluq ediblər. Arkadi Qukasyan necə əfv edilə bilər ki, "dqr"də oyuncaq prezident vəzifəsi tutub. David Babayan isə kukla rejimin qondarma xarici işlər naziri olub. Manukyan və digərləri isə hərbi postlarda əsas fiqurlardan olublar. Məncə, vəkillərin xahişi məhkəmədə nəzərə alınmamalıdır. Sözsüz ki, müdafiəçi öz işini görür. Həmçinin məhkəmə prosesinə müdaxilə olmadığını və obyektivliyi ortaya qoyur. Lakin bir vətəndaş olaraq ərazilərimizdə şüurlu şəkildə cinayətlərə yol vermiş, terrorçu və separatçı rejimdə vəzifələr tutmuş, bu addımları bilərəkdən atmış canilərə hökm oxunmalı, cəza verilməlidir".

Z.Qarayeva qeyd etdi ki, onların gələcəkdə Ermənistana ekstradisiya isə gedişatdan asılıdır, əgər yekun sülh sənədi imzalansa, Bakı ilə İrəvan arasında etimad mühiti möhkəmlənsə, onların təhvil verilməsi istisna deyil.Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31