Sabah Ukrayna Moskvada bölünə bilər - ŞOK DETALLAR

Dekabrın 2-də dünyanın diqqəti Moskvada olacaq. Rusiya prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşəcək. Heç şübhəsiz ki, görüşün əsas müzakirə mövzusu Donald Trampın 28 bəndlik sülh planı olacaq. Artıq ilkin versiyalar da məlumdur.

Ekspertlər hesab edirlər ki, Zelenskisiz Ukrayna məsələsi iki supergüc arasında müzakirə edilir və bu heç də dünya üçün xoş nəsə vəd etmir. Faktiki Avropa İttifaqı liderlərinin hazırladığı 24 bəndlik plan bir kənara atılıb...

SEHLA SON.jpeg (147 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün ABŞ və Avropa tamamilə səfərbər olunub:

"Trampın 28 maddəlik sülh planının gündəmə gəlməsindən sonra fərqli platformalarda danışıqlar aparılır - Cenevrə və Luandada baş tutan görüşlər 28 maddəlik sülh planının Ukraynanın xeyrinə yumşaldılması üçün idi. Belə ki, Trampın sülh üçün hazırladığı çərçivəyə münasibətdə Zelenski "Biz ya ən yaxın müttəfiqimizi, ya da şərəfimizi itirə bilərik" deyə sərt qarşı çıxmışdı. O, bunun ardınca Cenevrədə avropalı liderlərlə danışıqlarda özünə siyasi dəstəyi artıraraq 28 maddəni 19 maddəyədək azaltmağa, suverenlik məsələsinə vurğu etməyə, Ukraynanın NATO üzvlüyü məsələsinə birdəfəlik son qoymağın qarşısını almağa nail oldu.

Lakin aydındır ki, Avropa dövlətlərinin Rusiyanın "qırmızı xətlərini" dəyişdirmək, Rusiyanı yenilənmiş sülh şərtlərinə razı salmaq iqtidarı yoxdur. Odur ki, Zelenski yenidən heyətini ABŞ-a yollamalı oldu. Çünki hazırda Rusiya ilə konstruktiv dialoqla müəyyən nəticəyə nail olmaq gücü yalnız ABŞ-a, yəni prezident Trampa məxsusdur.

Təsadüfi deyil ki, həftəsonu Floridada ABŞ və Ukrayna rəsmiləri arasında baş tutan görüşdən dərhal sonra Donald Tramp öz xüsusi nümayəndəsini Rusiyaya, Putinin yanına yollayıb. Lakin Tramp Zelenskini qəbul etməyib, deyib ki, Zelenski və Putinlə bir də yalnız sülh əldə olunduğu zaman görüşəcək. Başqa ifadə ilə, bu, Trampın Zelenskiyə sülh üçün təzyiqi sayıla bilər.

Floridadakı görüşdə əsasən post-müharibə dövrü, xüsusilə yeni seçkilərin keçirilməsi və ərazi mübadiləsi məsələləri müzakirə olunub. Bu, heç də Ukraynanın arzuladığı ssenari deyil. Lakin bu ilin fevralında Zelenskinin Ağ Evdə görüşdən sonra verdiyi açıqlamanı xatırlamaq olar. O demişdi ki, əgər Ukraynanın NATO-ya üzvlüyü təmin olunarsa, iqtidardan getməyə belə hazırdır. Yəni yeni seçkilərin keçirilməsi üçün ABŞ-dan da Zelenskiyə təzyiqlər olduğu aydındır.

Floridadakı görüşdə aparılan müzakirələr ictimaiyyətə tam olaraq açıqlanmasa da, nəticələri hər iki tərəfdən "müsbət" adlandırılıb. Bu o deməkdir ki, ABŞ-da Ukraynanın suverenliyinə vurğu edilib, yəni NATO üzvlüyünə dair məsələyə yenilənmiş sülh şərtləri çərçivəsində baxılmış ola bilər. "Kreativ" yanaşma ondan ibarətdir ki, "Ukraynanın NATO-ya üzvlüyə can atmasına icazə veriləcək, lakin üzv olmasına icazə verilməyəcək" və bunun Rusiya ilə razılaşdırılması lazımdır. Rusiya ilə bu məsələ razılaşdırılmazsa, heç bir sülhdən söhbət gedə bilməz. Odur ki, sabah Moskvada baş tutacaq görüş yenilənmiş sülh şərtlərinə Rusiyanın rəsmi münasibətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin tarix göstərir ki, nə Rusiya, nə də Qərb öz dünya nizamını formalaşdıran tarixi vədlərinə - centlmen sövdələşmələrinə sadiq qalıb".

Cavanşir ABBASLI
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31