ATƏT-in Minsk Qrupu: 30 illik fəaliyyətsizliyin sonu və Azərbaycan liderliyinin qələbəsi

ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə 1992-ci ildə yaradılmış beynəlxalq vasitəçilik mexanizmi olsa da, 30 il ərzində nə münaqişənin dərinləşməsinin qarşısını ala bildi, nə də işğalın aradan qaldırılması üçün praktik nəticə ortaya qoydu. Bu səbəbdən həm Azərbaycan ictimaiyyətində, həm ekspert dairələrində, həm də beynəlxalq təhlükəsizlik araşdırmalarında Minsk Qrupu çox vaxt fəliyyətsiz, yararsız, formal xarakterli qurum kimi qiymətləndirilib.

Minsk Qrupu 1992-2020-ci illər arasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını aradan qaldırmadı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət etmədi, işğal altındakı ərazilərin boşaldılması üçün heç bir siyasi təzyiq mexanizmi tətbiq etmədi. Bu, qurumun faktiki olaraq münaqişənin dondurulmasına xidmət etməsi ilə nəticələndi. Hətta bir çox analitiklər hesab edirdilər ki, Minsk Qrupu problemi həll etməkdən çox, onu "idarə etmək" və illərlə uzatmaq missiyasını yerinə yetirirdi.

Minsk qrupunun üç həmsədri olan Rusiya, ABŞ və Fransa regionda öz siyasi maraqlarına malik dövlətlər idi. Bu maraqlar vasitəçilik missiyasına ciddi təsir göstərirdi. Bu səbəbdən Minsk Qrupu heç vaxt obyektiv və prinsipial vasitəçi kimi çıxış edə bilmədi. Minsk Qrupunun bütün qərarları yalnız həmsədrlərin konsensusu ilə qəbul edilirdi. Bu mexanizm hər hansı həmsədrin veto hüququ ilə prosesi bloklamasına şərait yaradırdı, səmərəli qərar qəbulunu illərlə ləngidirdi, diplomatik təşəbbüsləri praktiki nəticəsiz edirdi. Beləliklə, qurum çevik və effektiv mexanizm kimi fəaliyyət göstərə bilmirdi.

Minsk Qrupu illər boyunca Ermənistanın atəşkəsi pozmasına, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşmaya, humanitar və təhlükəsizlik pozuntularına hər hansı ciddi reaksiya vermədi. Bu cəzasızlıq mühiti Ermənistan üçün əlavə fürsətlər yaratdı və münaqişənin həlli əvəzinə onun uzanmasına səbəb oldu. Azərbaycan üçün isə bu vəziyyət Minsk Qrupuna olan etimadı tamamilə sarsıtdı.

Qrup illər ərzində müxtəlif sənədlər təqdim etsə də (Paket həll, Mərhələli həll, Madrid prinsipləri və s.) planların heç biri Azərbaycan üçün təminatlı hüquqi mexanizm təklif etmirdi.

ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsi 2025-ci ildə baş versə də, bu prosesin siyasi təməli və istiqaməti illərlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə formalaşdırılmışdı. İlham Əliyevin həm 2020-ci il müharibəsinin nəticələri, həm diplomatik fəaliyyət, həm də beynəlxalq tribunadakı prinsipial mövqeyi Minsk Qrupunun fəaliyyətinin mənasızlaşmasına, ardınca isə tamamilə ləğvinə aparan əsas mühərrik rolunu oynadı. Bu mövqelər beynəlxalq siyasi diskursun yönünü dəyişdi və Minsk Qrupunun legitimliyini sıfıra endirdi.

Prezident İlham Əliyev illərdir Minsk Qrupunun nəticə vermədiyini, tərəfsizlik prinsipini pozduğunu, Ermənistanın işğal siyasətinə göz yummasını, geosiyasi maraqlara xidmət etdiyini, beynəlxalq tədbirlərdə, müsahibələrdə və birbaşa həmsədrlərlə görüşlərdə ardıcıl şəkildə qabardırdı.

2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçilik etdiyi və Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış 8 avqust 2025-ci il tarixli Vaşinqton deklarasiyası bu prosesin əsas siyasi bazasını formalaşdırdı.

ATƏT-in Minsk Qrupunun ləğvi sadəcə texniki və ya təşkilati qərar deyildi. Bu, uzun illər beynəlxalq səviyyədə aparılan diplomatik mübarizənin nəticəsi kimi Prezident İlham Əliyevin liderliyinin birbaşa təzahürü idi.

Qeyd edək ki, ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31