Zelenski istefa verəcəkmi? – “Tramp planı” və Kremlin təzyiqi – ÖZƏL
16:32 Siyasət"Prezident Zelenskinin istefa verməsi ehtimalı hazırda mövcuddur və bu məsələ kifayət qədər ciddi şəkildə müzakirə olunmağa başlayıb. Hətta yeni "Tramp planı" üzrə aparılan müzakirələr zamanı da Zelenskinin hakimiyyətdən getməsi ilə bağlı məsələnin gündəmə gəldiyi barədə məlumatlar var. Bu baxımdan demək olar ki, Zelenski həqiqətən istefa verə bilər və hakimiyyətin yenidən formalaşması, yaxud prezidentin yenidən müəyyən olunması üçün seçkilərin keçirilməsi gündəmə gələ bilər".
_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, burada iki önəmli məqam var: "Birinci məqam ondan ibarətdir ki, yeni "Trump planı" Ukraynanın gələcək taleyini böyük risk altında qoyur və Prezident Zelenski bu plan əsasında hər hansı sülh sazişinə imza atmaqdan çəkinir. Ola bilsin ki, Zelenski Ukrayna tarixinə ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü böyük risk altına atan bir sənədə imza atan dövlət başçısı kimi düşmək istəmir. Bu versiya tamamilə inandırıcı görünür. Üstəlik, hazırda Zelenskiyə ciddi təzyiqlər mövcuddur və aydın görünür ki, bu təzyiqlərin məqsədi Ukraynanın milli maraqları üçün son dərəcə təhlükəli sayılan sənədi imzalamağa onu məcbur etməkdir. Zelenski isə bundan yayınmaq üçün istefa verərək kənara çəkilməyə üstünlük verə bilər".
Ekspert qeyd edib ki, ikinci önəmli məqam ondan ibarətdir ki, yeni "Tramp planı"nın müzakirələrində də bu məsələ qabarıq şəkildə gündəmə gəlir və xüsusilə Rusiya bu mövzunu israrla ön plana çıxarmağa çalışır. Kremlin mövqeyinə görə Prezident Zelenski artıq legitim dövlət başçısı deyil. Bu səbəbdən də sülh sazişinin legitimliyi şübhə altına düşə bilər. Rusiya hesab edir ki, Zelenskinin səlahiyyət müddəti bitib və Ukraynada yeni prezident seçkiləri keçirilməlidir. Sülh sazişi də məhz yeni hakimiyyət və yeni prezident tərəfindən imzalanmalıdır.
Siyasi şərhçi əlavə edib ki, eyni zamanda Kremlin bu tələbi təkcə prezidentə yox, Ukrayna parlamentinə də şamil etməyə çalışdığı görünür. Kreml başa düşür ki, Zelenski Ukraynanın maraqlarına uyğun olmayan bir sülh sənədini imzalasa belə, bu sənəd parlamentdə bloklana və ratifikasiya olunmaya bilər. Yəni prezidentin bu məsələ ilə bağlı təkbaşına qərarvermə səlahiyyəti yetərli deyil. Buna görə də Rusiya hesab edir ki, Ukraynada həm prezident, həm də parlament seçkiləri paralel şəkildə keçirilməli və yeni hakimiyyətə Rusiyanın hazırladığı - faktiki kapitulyasiya xarakterli - sülh sazişini imzalamağa hazır olan qüvvələr gətirilməlidir. Beləliklə, Rusiya sülh təşəbbüsünü bəhanə edərək Ukraynada öz təsiri altında ola biləcək bir hakimiyyət formalaşdırmağa çalışır.
"Bütün bu amilləri nəzərə alanda demək mümkündür ki, situasiya artıq elə bir mərhələyə çatıb ki, qeyd olunan iki əsas faktorun təsiri altında Prezident Zelenski həqiqətən də istefa verərək hakimiyyətdən çəkilmək qərarı verə bilər," - deyə E. Xalidbəyli vurğulayıb.
Sevda Dəniz