Laçının qaytarılması ölkəmizin uğurlu diplomatiyanın parlaq nəticəsi idi- ÖZƏL

"Laçının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixinin strateji və siyasi baxımdan ən mühüm dönüş nöqtələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib: "1992-ci ildə Laçının işğalı ölkəmizin müdafiə sistemində ciddi boşluq yaratmış, regionun geosiyasi balansını dəyişmişdi. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan dövləti milli gücünü, diplomatik potensialını və hərbi imkanlarını sistemli şəkildə formalaşdıraraq tarixi ədalətin bərpasına hazırlaşdı. 2020-ci il 10 noyabr bəyanatı ilə təsbit olunan müddəalar çərçivəsində 1 dekabr tarixində Laçının Azərbaycana qaytarılması ölkəmizin siyasi iradəsinin və beynəlxalq güc mərkəzləri ilə apardığı uğurlu diplomatiyanın parlaq nəticəsi oldu. Bu proses ölkəmizin regional güc olaraq mövqeyini daha da möhkəmləndirdi və geosiyasi reallıqları Azərbaycanın xeyrinə dəyişdi. Laçına Azərbaycan bayrağının sancılması dövlət suverenliyinin bərpası baxımından strateji rəmzə çevrildi. Azadlıqdan sonra bölgədə aparılan genişmiqyaslı yenidənqurma işləri dövlətin post-münaqişə inkişaf modelinin effektivliyini nümayiş etdirdi. Yeni infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və sosial proqramlar Laçının tam funksional şəkildə ölkə həyatına inteqrasiyasını sürətləndirdi. 


   
 Bu qələbə yalnız hərbi nailiyyət deyil, həm də Azərbaycanın regional sabitlik və əməkdaşlıq platformasının formalaşmasında mühüm siyasi faktora çevrildi. Laçının azad olunması xalqın milli birliyinin, dövlətin strateji planlaşdırmasının və siyasi liderliyin tarixi təntənəsi kimi qiymətləndirilir. Bu hadisə Azərbaycanın suverenlik anlayışını real güc və konkret nəticələrlə təsdiqləyən mühüm mərhələ olaraq yadda qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31