Zelenskinin ulduzu artıq sönmək üzrədir

Kiyev ABŞ-nin artan təzyiqləri ilə üzləşir

Donald Tramp hakimiyyətə gəldikdən sonra onun Volodimir Zelenskinin qeyri-legitim olmasına dair işarələri Vladimir Putinin hekayələri ilə oxşarlıq təşkil etdi. Trampın Ukrayna prezidentini "seçkisiz diktator" adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi. 
Sonradan, xüsusilə də Trampın həm Zelenski ilə "barışıq", həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı. Bu, müvəqqəti bir fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb. 
Korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir, üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-nin artan təzyiqləri ilə üzləşir. Bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhləni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür. 
Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması üçün yeni prezidentə ehtiyac duyur. Burada Ukraynanın silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujninin adının hallanması təsadüfi deyil. Zalujinin Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu bundan əvvəl də dəfələrlə təkrarlanıb.  
Zalujni özü də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verir. Bu günlərdə "Telegraph" nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujni bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edərək yazır: "Sülh, hətta növbəti müharibə ərəfəsində belə, siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans verir". 
Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də, bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və Zelenski Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujninin parlayacağı gün uzaqda görünmür.

Akşin Kərimov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31