Laçın azadlığının 5 ili: Azərbaycanın strateji qalxanı- ÖZƏL
14:33 SiyasətLaçının işğaldan azad edilməsindən 5 il ötür. 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatı noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələndi və Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr Bəyanatına görə, Ağdam 20 noyabrda, Kəlbəcər 25 noyabrda, Laçın isə 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
"Laçının işğaldan azad edilməsi təkcə hərbi yox, bütövlükdə regional təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi oldu. Bu rayonun Azərbaycana qaytarılması ilə Ermənistanın Qarabağ üzərindən geosiyasi manevr imkanları faktiki olaraq sıfırlandı. 2020-ci ildən sonra Laçın istiqamətində formalaşan yeni reallıq bölgədə qüvvələr balansını Bakının xeyrinə radikal şəkildə dəyişdi. Laçın dəhlizi üzərində Azərbaycanın suveren nəzarətinin bərqərar olması separatizmin logistika imkanlarını tam sıradan çıxardı. Bu, təhlükəsizlik mühitinin lokal yox, regional miqyasda sabitləşməsinə xidmət etdi. Həmçinin Laçın xətti Azərbaycan ordusunun sərhəd təhlükəsizliyi və nəqliyyat kommunikasiyaları baxımından strateji üstünlük əldə etməsini təmin etdi. Son beş ildə burada aparılan hərbi və infrastruktur quruculuğu Laçını bir növ təhlükəsizlik qalxanına çevirdi. Postmünaqişə mərhələsində Laçın artıq risk zonası deyil, sabitlik zonası statusu qazanıb. Regionda geosiyasi proseslərin dərinləşməsi fonunda Laçının önəmi yalnız təhlükəsizliklə məhdudlaşmır. O, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub xətlərini kəsişdirən mühüm geoiqtisadi məkan kimi formalaşır. Zəngəzur dəhlizi ətrafında gedən proseslər Laçının tranzit və nəzarət funksiyasını daha da gücləndirir. Bu ərazi artıq Azərbaycanın regional nəqliyyat arxitekturasında açar mövqeyə malikdir. Gələcək mərhələdə Laçının strateji rolu təkcə hərbi yox, siyasi və iqtisadi təhlükəsizlik baxımından da artacaq. Reallıq ondan ibarətdir ki, Laçına nəzarət regiona nəzarət deməkdir və bu nəzarət artıq tam şəkildə Azərbaycanın əlindədir".
Zeynəb Mustafazadə