Əli Kərimlini neçə il həbs gözləyir? - AÇIQLAMA
12:53 SiyasətDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nədə ittiham edildiyi məlum olub.
O, Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Maraqlıdır, bu maddə ilə ittiham olunan Əli Kərimlini neçə il həbs gözləyir? Məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Yalçın Hacızadə Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsi dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu açıq şəkildə qeyd edir.
"Hakimiyyət xalq tərəfindən seçkilər və referendum yolu ilə formalaşır. Konstitusiyanın 6-cı maddəsi isə bildirir ki, heç bir sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Vəkilin sözlərinə görə, Konstitusiyada göstərilməyən üsullarla hakimiyyətə gəlmək və onu əlində saxlamaq qadağandır. Bu səbəbdən CM-nin 278.1-ci maddəsi də məhz konstitusiya quruluşuna zor tətbiqi ilə müdaxiləni "xüsusilə ağır cinayət" kimi qiymətləndirir".
Yalçın Hacızadə maddənin sanksiya hissəsinə diqqət çəkərək bildirib:
"Cinayət Məcəlləsinin 278.1-ci maddəsinə əsasən, belə əməlləri törədən şəxslər 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə nəzərdə tutulmuş cinayətləri törədib, lakin dövlət hakimiyyəti orqanlarına könüllü və vaxtında məlumat verən, yaxud dövlətin mənafeyinə ziyan vurulmasının qarşısını almaqda yardım edən şəxs, əgər əməli nəticəsində ciddi zərər vurulmayıbsa və başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilə bilər".
Qanunvericiliyə əsasən, bu maddə Azərbaycanın ən ağır siyasi və dövlət əleyhinə cinayətlərindən biri hesab olunur və hüquqi qiymət məhkəmə tərəfindən müəyyən edilir.