Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atdı- ÖZƏL
10:58 Siyasət"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində Ermənistanın işğal faktına son qoydu. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü.
Hazırda işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Laçın rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşamaları üçün bütün tədbirlər həyata keçirilir. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan "Güləbird" Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək".