Rusiya və İran Zəngəzur dəhlizinə qarşı- ÖZƏL

"Azərbaycan və Ermənistan arasında gedən sülh və Zəngəzur dəhlizi ilə bağlı danışıqlar  Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyən edən əsas prosesdir. Bu, 2020-ci ildən sonra yaranan yeni reallıqlar, xüsusən Rusiya, ABŞ, Fransa, İranın istədiyi kimi formalaşmış əvvəlki status-kvonun tam dağıldığını, regionun təhlükəsizlik, kommunikasiya və nəqliyyat balansının dəyişdiyini göstərir. İndiki halda Zəngəzur dəhlizinin açılması mütləq proses olduğundan regional gücləri, həm də qlobal aktorları da oyuna cəlb edib". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Söz yox ki, artıq Zəngəzur dəhlizi sadəcə "kommunikasiya xətti" deyil, Azərbaycan üçün - Naxçıvanla birbaşa bağlantı və strateji keçid, Türkiyə üçün - Türk dünyasının geosiyasi arteriyası, Ermənistan üçün isə - seçim məcburiyyətidir. Əgər Zəngəzur dəhlizi açılmasa, Ermənistan faktiki olaraq regional layihələrdən kənarda qalır, blokadası davam edir. Açılarsa, ölkə nəinki iqtisadi blokadadan çıxır, həm də Rusiyadan de-fakto real suverenlik qazanır.



Rusiya Zəngəzur dəhlizinin açılmasının o halda tərəfdarıdır ki, dəhlizin təhlükəsizliyinə özü nəzarət etsin. Moskva tərəflərə təsir kimi məhz Zəngəzur dəhlizinə nəzarəti son imkanlardan biri hesab edir. ABŞ başda olmaqla ümumən Qərb də Ermənistanı Rusiyanın orbitindən qoparmaq niyyətindədir. İran isə Zəngəzur dəhlizini özünün milli və iqtisadi maraqları üçün ciddi təhlükə kimi qəbul edir. Düşünür ki, Azərbaycan-Türkiyə quru əlaqəsi ilə daha da güclənir, İran üzərindən Ermənistan və Azərbaycanın tranzit ehtiyacı azalır, ən əsası isə Cənubi Azərbaycan oyanışı İran dövlətini dağıda biləcək qüvvəyə çevrilə bilər. Bu səbəbdən İran dəhlizin nəinki "eksteryal" statusda, ümumiyyətlə açılmasının qəti əleyhinədir.
Azərbaycan üçün əsas şərt dəhliz anlayışı ilə Naxçıvana maneəsiz keçid əldə etməkdir. Ermənistan isə bu prinsip və terminin işlənməsinin əleyhinə çıxış edir. ABŞ başda olmaqla Qərb, Türkiyə və həm də regionun yeni siyasi reallıqları, beynəlxalq iqtisadi məntiq Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir.
Zəngəzur dəhlizinin açılması, Azərbaycanın dəhlizdən xüsusi qaydalarla istifadəsi Azərbaycan-Türkiyənin geosiyasi və strateji qazancıdır. Təbii ki, uduzan tərəf isə Rusiya və İran birliyidir. Demək, Ermənistan-Azərbaycan arasında gedən proseslər regional kontekstdən çıxan və qlobal güclərin mübarizəsinə çevrilən meydan, Zəngəzur dəhlizi isə bu mübarizənin əsas hədəfidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31