İrəvan qarşısında son şans: Konstitusiya dəyişəcək, yoxsa blokada davam edəcək?
29 Noyabr 2025 17:11 SiyasətErmənistanın ədliyyə naziri Srbuhi Qalyan açıqlama verərək bildirib ki, ölkənin konstitusiyasının yeni mətni 2026-cı ilin mart ayına qədər hazırlanmalıdır.
"Mən Ədliyyə Nazirliyinin konstitusiya mətninin hazırlanması və onun işlənib hazırlanması müddəti ilə bağlı üzərinə götürdüyü öhdəliyi bir daha qeyd etmək istərdim. Konkret olaraq, öhdəlikdə göstərilir ki, konstitusiyanın yeni mətni mart ayına qədər hazır olmalıdır", - deyə Qalyan vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ölkənin yeni konstitusiyasına dair referendumun keçirilməsinin vacibliyini bəyan etmişdi.
Bu açıqlamalar bir sualı gündəmə gətirir: əgər Paşinyan seçkilərdə qələbə qazanarsa, Ermənistan konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliklər həyata keçiriləcəkmi?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın bu məsələ ilə bağlı nə dediyindən və ya demədiyindən asılı olmayaraq, iki ölkə arasında davamlı sülhün təmin olunması yalnız bir şərtlə mümkündür: Ermənistan konstitusiyasından Azərbaycan torpaqlarına yönəlmiş ərazi iddiaları tam şəkildə çıxarılmalıdır:
"Yəni bunu hazırkı baş nazir Nikol Paşinyan da edə bilər, etməyə də bilər. O, hakimiyyətdən getsə və yerinə başqa bir siyasi fiqur gəlsə belə, həmin şəxs də eyni addımı atmağa məcbur qalacaq. Çünki Ermənistan Respublikası Azərbaycanla normal, dinc, yanaşı yaşamaq üçün real şərait əldə etmək istəyirsə, bu dəyişiklik mütləq şəkildə həyata keçirilməlidir.
Bu konstitusiya dəyişikliyi nə qədər tez edilərsə, Ermənistan üçün bir o qədər yaxşı olacaq. Çünki bu addım həm Azərbaycan-Ermənistan, həm Ermənistan-Türkiyə sərhədlərinin açılmasına, həm də regionda bütün istiqamətlər üzrə kommunikasiyaların bərpa olunmasına və ya yenilərinin açılmasına yol açacaq. Söhbət yalnız rabitə və hava yollarının açılmasından getmir; həmçinin neft və qaz boru xətlərinin çəkilməsi, Ermənistanın Azərbaycandan qaz alması məsələsi, eləcə də neftlə təchiz olunması perspektivləri gündəmdədir.
Bu proseslər öz-özlüyündə Ermənistanın sosial-iqtisadi inkişafına yalnız və yalnız fayda gətirəcək və gətirməyə də qadirdir".
Azər Həsrət bildirib ki, əgər Ermənistan konstitusiyasındakı iddiaların çıxarılmasını gecikdirsə və ya ümumiyyətlə bu fikirdən imtina etsə, o zaman mövcud blokada vəziyyətində qalmaqda davam edəcək:
"Bunu Ermənistanda az-çox siyasi düşüncəsi olan hər kəs anlayır. Ona görə də düşünürəm ki, Paşinyan istər hakimiyyətdə olduğu müddətdə, istərsə də hakimiyyətdən getdiyi halda ondan sonra gələcək siyasi liderlər bu tələbi icra etməyə məcbur olacaqlar.
Əks təqdirdə, "ağa durur, ağacan durur", yəni Azərbaycanın təsir imkanları hələ tükənməyib. Biz hədələmək niyyətində deyilik. Azərbaycan hər zaman bəyan edib ki, Ermənistanın ərazisinə hər hansı iddiası yoxdur və güc tətbiq etməyə meyilli deyil.
Amma Azərbaycanın sülhə məcburetmə təcrübəsi var: 44 günlük Vətən müharibəsi buna bariz nümunədir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyimiz lokal antiterror əməliyyatı da bunun başqa bir misalıdır. Yəni Azərbaycan zəruri hallarda öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmaq bacarığına malikdir.
Bu səbəbdən, Ermənistanda ağlı başında olan siyasi qüvvələr mümkün qədər tez konstitusiya dəyişikliyini həyata keçirməli, hazırkı şərtlərdə onlar üçün daha əlverişli sayıla biləcək sülh müqaviləsini Azərbaycanla imzalamalıdırlar. Əks halda, onlar bu fürsəti qaçıraraq gələcəkdə daha sərt və ağır şərtlərlə sülh müqaviləsini imzalamaq məcburiyyətində qala bilərlər. Nə qədər tez qərar versələr, bir o qədər Ermənistanın xeyrinə olacaq".