Ermənistan Respublikadan yarı-prezidentliyə keçir: Konstitusiya dəyişiklikləri gündəmdə – ÖZƏL

"Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı məsələ uzun müddətdir ki, aktualdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, Konstitusiya dəyişiklikləri nəzərdə tutulub və yəqin ki, bir neçə aydan sonra keçiriləcək parlament seçkilərindən sonra referendumun elan olunması gözlənilir. Bu məsələ ilə bağlı artıq Ermənistanda Ədliyyə Nazirliyi ciddi şəkildə məşğul olur. Burada hansı məsələlərin geniş şəkildə dəyişdiriləcəyi də sənədlərdə öz əksini tapmalıdır.

Ekspertin sözlərinə görə, Ermənistanda dövlət idarəçiliyi ilə bağlı dəyişikliklərin aparılması gözlənilir. Yəni hüquqi müstəvidə bir neçə addım atılacaq. Eyni zamanda ölkənin Qərbə doğru inteqrasiya prosesini sürətləndirmək üçün məhkəmələrlə bağlı bir neçə qərarın dəyişdirilməsi və insan hüquqları ilə bağlı bir sıra addımların atılması da gündəmdədir. Yəni, Avropa İttifaqının tələblərinə uyğun qərarların hazırlanması gözlənilir. Eyni zamanda son zamanlarda prezident səlahiyyətlərinin artırılması məsələsi də geniş şəkildə aktuallaşıb. Bu mövzuda müzakirələr aparılır. İddialara görə, Nikol Paşinyan artıq prezident kimi fəaliyyətini davam etdirmək istəyir. Buna görə Ermənistanda prezidentin səlahiyyətləri gücləndiriləcək və ölkə faktiki olaraq yarı-prezidentlik idarəetmə modelinə gətiriləcək. Yəni Ermənistan Parlament Respublikasından yarı-prezidentlik modelinə keçir.
Bundan sonrakı mərhələdə isə Ermənistanın tam prezidentlik respublikasına çevrilməsi nəzərdə tutulur. İddialar ondan ibarətdir ki, Paşinyan gələcəkdə prezident kimi yoluna davam etmək istəyir və bu məsələlərin tənzimlənməsində maraqlıdır.

"Azərbaycan və Ermənistanla bağlı məsələyə gəldikdə isə, Azərbaycanın konkret tələbləri var. Sülh müqaviləsi də elə buna görə Vaşinqtonda imzalanmadı, sadəcə paraflandı. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı çox ciddi iddialar mövcuddur və həmin iddialar aradan qalxmamış Azərbaycan heç bir halda sülh müqaviləsini imzalamayacaq," - deyə siyasi şərhçi əlavə edib.

Ekspert vurğulayıb ki, bu səbəbdən Ermənistan tərəfi mövcud reallıqları dərk edərək referendum zamanı Azərbaycanın irəli sürdüyü maddələrin dəyişdirilməsi ilə bağlı təşəbbüslə çıxış edəcək və yəqin ki, həmin maddələr dəyişdiriləcək. 

Bu maddələr hansılardır? 

Burada konkret olaraq Azərbaycan və Türkiyəyə qarşı irəli sürülmüş iddialar mövcuddur və Ermənistan dövlətinin həmin iddialardan imtina etməsi üçün hüquqi zəmin yaranmalıdır. Bu məqsədlə Ermənistan Konstitusiyasından həmin maddələr çıxarılmalıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31