Azərbaycan və Tailand Qoşulmama Hərəkatında səmərəli əməkdaşlıq edir

Milli Məclis sədrinin müavini Musa Qasımlı və parlamentin Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov noyabrın 28-də Tailand Krallığı Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut ilə görüşüblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,Vitse-spiker Musa Qasımlı iki dövlət arasında münasibətlərin hazırkı vəziyyətindən söz açıb, bu münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Tailand Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Eyni zamanda, parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı olaraq səmərəli iş aparırlar.
Musa Qasımlı regiondakı mövcud vəziyyət barədə məlumat verərək qeyd edib ki, uzun illər davam edən münaqişənin aradan qaldırılması bölgədə yeni reallıqlar yaradıb. Azərbaycanda yaradılan investisiya şəraitindən danışaraq Tailandın  bu imkanlardan yararlanmasının ümumi mənafelərə uyğun olacağını vurğulayan vitse-spiker dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, o cümlədən biznes və investisiya sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut səmimi qəbula görə təşəkkür edib və Azərbaycanla Tailand arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi potensialından danışıb, müxtəlif sahələrdə təmasların intensivləşdirilməsinin vacibliyini bildirib.
Söhbətdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, turizm, təhsil, innovasiya, sənaye və digər sahələrdə yeni təşəbbüslərin irəli sürülməsi imkanları müzakirə olunub, parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31