Paşinyanın seçki strategiyası: maaş vədləri və borc riski- ÖZƏL

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik artır. Paşinyan dövlət qulluqçularına maaş artımı vəd edir, bu isə seçkiqabağı populizm kimi qiymətləndirilir. Ölkənin sürətlə artan dövlət borcu isə həm iqtisadi, həm də siyasi risklər yaradır. Rəsmi rəqəmlər borcun son səkkiz ildə iki dəfədən çox artdığını göstərir və yaxın illərdə 15 milyardı keçəcəyi proqnozlaşdırılır. 

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Paşinyan hesab edir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana böyük iqtisadi fayda gətirəcək: 
" Ermənistanın dövlət borcu əslində böyükdür və bu il xüsusilə artıb. Çünki Erməni kilsəsindən, diaspordan və lobbidən gələn dəstəkdə, o cümlədən Rusiyadan gələn dəstəkdə ciddi azalmalar var. Rusiyanın təsiri dövründə də əslində azalmalar müşahidə olunur. Rusiyanın tətbiq etdiyi rüsumlar Ermənistanın ciddi zərər görməsinə səbəb olub. Amma burada bir məsələ də var: Paşinyanın verdiyi vədlər əslində gələcək üçün hesablanmış addımlardır. Yəni Azərbaycandan münasibətlər normallaşarsa, Türkiyə ilə münasibətlər normallaşarsa və sülh olarsa, şübhəsiz ki, Ermənistan bu prosesdən ən çox qazanan ölkələrdən biri olacaq. Çünki Ermənistan tranzit keçiddən böyük gəlir əldə edə bilər. Həmçinin gələcəkdə Azərbaycan-Ermənistan arasında enerji layihələri icra olunarsa, bu, Ermənistana daha ucuz neft əldə etmək və gəlir qazanmaq imkanı verəcək ki, bu da büdcəyə qənaət deməkdir. Yəni böyük ehtimalla Paşinyan bunlara hesab edir və buna görə də vədlər verir. Amma təbii ki, seçkilər yaxınlaşdıqca bu tipli siyasi rəqabətlər və qarşıdurmaların sayı artacaq. Bu artıq heç kəsə sirr deyil. Ona görə də hesab edirəm ki, yaxın perspektivdə Ermənistanda daha ciddi ixtişaşlar ola bilər, seçki öncəsi həbslər də mümkündür. Amma Paşinyan seçkilərə qələbə ilə gedir və düşünürəm ki, qələbə də qazanacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31