Putninin imtinası Trampın dalana dirənən sülh planı- ÖZƏL
11:20 SiyasətDonald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi sülh planı artıq faktiki olaraq dalana dirənib. Putinin son bəyanatları da göstərir ki, nə Rusiya, nə Ukrayna, nə də Avropa bu planın təqdim etdiyi çərçivəni qəbul etmir.
Moskvanın mövqeyi
Putin bildirir ki, Kremlin ayrıca "sülh müqaviləsi layihəsi" yoxdur, sadəcə müzakirəyə çıxarmaq istədiyi bir sıra şərtlər var. Gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə danışıqlarda məhz bu şərtlər müzakirə olunacaq.
Rusiyanın əsas tələbləri bunlardır:
• Krım və Donbas üzərində suverenliyin beynəlxalq tanınması
• Döyüşlərin Ukrayna ordusu mövqelərini tərk etdikdən sonra dayandırılması
• Zelenski hökuməti ilə hüquqi sənəd imzalamağın mənasız olması
• Avropa ilə təhlükəsizlik məsələlərini müzakirəyə hazır olmaq
• Rus aktivlərinin müsadirəsi halında əks tədbirlər paketinin hazırlanması
Bu şərtlər Ukrayna və Qərbin qəbul edə biləcəyi çərçivəyə uyğun gəlmir.
ABŞ-ın mövqeyi
Vaşinqton Rusiyanın bir sıra mövqelərini nəzərə aldığını desə də, ərazi məsələlərində geri addım atmır. Trampın planındakı bəzi bəndlər isə hazırkı geosiyasi reallıqdan uzaqdır və tərəflərin minimal tələblərini belə qarşılamır.
Tramp planının dalana dirənmə səbəbləri:
• Tərəflərin heç biri əsas tələblərindən imtina etmir
• Ukrayna və Rusiya arasında etimad mühitinin olmaması
• Avropa təhlükəsizliyi məsələsində bir mövqedə deyil
• ABŞ-ın həm daxilində. Həm də avropalı müttəfiqləri arasında siyasi fikir ayrılığının olmasıdır.
Bəs belə olan şəraitdə müharibənin uzanması kimə sərf edir?
Müharibənin davamı ən çox Ukraynaya zərər vurur. Bu, həm də bir vəkalət müharibəsidir və Kiyev kollektiv Qərbin strateji maraqlarının ön xəttinə çıxarılıb.
Bununla yanaşı, ABŞ-ın müəyyən siyasi dairələri, Qərb hərbi-sənaye kompleksi, Çin geosiyasi balansını dəyişməsi baxımdan müharibənin uzanmasından qazanır.
Nəticə olaraq Trampın planı reallıqdan uzaqdır və tərəflərin heç biri üçün qəbuledilən deyil. Rusiyanın sərt mövqeyi, Ukraynanın geri çəkilməməsi və Qərbin daxili parçalanması sülh prosesini tıxayıb. Bu isə Avropanı uzunmüddətli təhlükəsizlik böhranına, Ukraynanı isə daha böyük itkilərə aparır.
Mürtəza Bünyadlı
Siyasi şərhçi