“Seçkinin nəticəsi Prezidentə məruzə ediləndə deyib ki…” – Mehdiyevlə bağlı yeni detal
11:03 SiyasətAzərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevin vəfat etməsindən 10 il ötür.
Olaylar.az modern.az-a istinadən xəbər verir ki, anım günü ərəfəsində Tofiq Hacıyevlə balı xatirələrini bölüşən tanınmış şəxslər mərhum akademik haqqında maraqlı məlumatlar açıqlayırlar. Bu məlumatlardan biri isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vaxtilə Tofiq Hacıyevə yaratdığı əngəllərlə bağlıdır.
Bu haqda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bəhs edib. O, Ramiz Mehdiyevin Tofiq Hacıyevə Milli Elmlər Akademiyasının alimləri sırasına düşməsinə mane olduğunu, ona təzyiq göstərdiyini qeyd edib.
"2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına seçikilər keçirilirdi. Seçkinin nəticəsi ilə bağlı Ulu öndərimizə məruzə edilərkən Heydər Əliyev, - Bəs Tofiq Hacıyev nə oldu, - deyə soruşub.
Milli adamlara "xüsusi" münasibəti olan Ramiz Mehdiyevın "əqidə" ortağı Fatma Abdullazadə (Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdir -red.) deyib ki, səsvermənin yekunlarına görə, Tofiq Haçıyev seçilə bilmir.
Onda Heydər Əliyev deyib ki, diliçilik üzrə əlavə bir yer ayırın, Tofiq Hacıyev mütləq Akademiyada təmsil olunmalıdır.
Beləliklə, Heydər Əliyevin təkidi və dəstəyi ilə Tofiq müəllim həmin il Akademiyanın müxbir üzvü seçildı", - Alqış Musayev bildirib.
Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
T.Hacıyev 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru seçilib. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
O, 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olub.
Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.
Tofiq Hacıyev ömrünün sonlarında - 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edib.
T.Hacıyev 80 yaşında, 2015-ci il noyabrın 27-də yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.