Azərbaycan Mərkəzi Asiyanın 5 üzv dövləti ilə Birgə Bəyannamə imzalayıb- ÖZƏL

"Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14 dövlət və işgüzar səfər həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Cəbiyev deyib: "Eyni dövrdə beş Mərkəzi Asiya dövlətinin başçısı Azərbaycana 23 dəfə səfərə gəlib. Xüsusi əhəmiyyəti ilə seçilən bir nəticəni vurğulamaq lazımdır. Azərbaycan Mərkəzi Asiyanın 5 üzv dövlətinin hər biri ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb. Qazaxıstan və Özbəkistanla isə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması beynəlxalq müqavilə ilə təsbit olunub. 
Həmçinin müxtəlif çoxtərəfli formatlarda, məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, xüsusilə Tacikistan xaric, digər 4 dövlətlə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uzun illərdir əməkdaşlıq edilir. TDT çərçivəsində yer alan 35 sahəvi əməkdaşlıq sırasına regional təhlükəsizlik, müdafiə sənayesi və hərbi sahənin əlavə edilməsi və ya mövcud əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi cari il oktyabrın 7-də TDT-nin Qəbələdəki 12-ci Zirvə Görüşündə təsdiqlənib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31