Azərbaycan-İtaliya strateji tərəfdaşlıq və əməkdaşlıq imkanlarını müzakirə edib
19:57 SiyasətNoyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlığının yüksək səviyyədə inkişaf etdiyi məmnunluqla qeyd olunub və ikitərəfli münasibətlərin genişlənməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Nazirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il İtaliyaya səfərinin, İtaliya Prezidenti Sercio Mattarellanın cari ilin sentyabr ayında Azərbaycana rəsmi səfərinin iki ölkə arasında siyasi dialoqu daha da gücləndirdiyini xüsusi qeyd ediblər. Bununla yanaşı, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin COP-29-da iştirakı, liderlər arasında müntəzəm görüşlər məmnunluqla xatırlanıb.
İtaliya Prezidenti Mattarellanın ölkəmizə səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışının yüksək əhəmiyyət daşıdığı, təhsil sahəsində əməkdaşlığın strateji tərəfdaşlığımızın vacib sütunlarından birinə çevrildiyi bildirilib.
Nazirlər enerji, iqtisadiyyat, ticarət, nəqliyyat, mədəniyyət, təhsil və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanları nəzərdən keçiriblər.
İki ölkə arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti vurğulanaraq, bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrin Avropanın enerji təminatının etibarlılığında vacib rol oynadığı diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda sülh və sabitlik təşəbbüsləri, 8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməsinin tarixi əhəmiyyəti və əldə olunmuş razılaşmalar haqqında həmkarına məlumat verib. İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından iştirak etməsi məmnunluqla qeyd edilib.
Azərbaycan ilə İtaliya arasında beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Növbəti ilə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycanla İtaliya arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.