Paşinyan 2026 seçkilərini udacaqmı? - “Mütləq qələbə” iddiasının arxasında nə dayanır?

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində "Vətəndaş müqaviləsi" Partiyasından yenidən Baş nazirliyə namizədliyini irəli sürəcək.

Olaylar bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə Paşinyan noyabrın 27-də jurnalistlərə verdiyi açıqlamada əmin edib ki, namizədlərin qeydiyyat prosesi şəffaf olacaq.

Paşinyan həmçinin bildirib ki, Ermənistan xalqının 2026-cı il parlament seçkilərində mütləq qalib gələcəyinə son dərəcə əmindir və faktiki olaraq yalnız tərəfdarlarını "xalq" adlandırır.

Bəs Paşinyan 2026-cı ildə həqiqətən qalib ola bilərmi, yoxsa onun "mütləq qələbə" bəyanatı sadəcə siyasi ritorikadan başqa bir şey deyil? Yəni, Ermənistan müxalifətinin illərlə formalaşan anti-Paşinyan ritorikası fonunda o, yenidən parlament çoxluğunu ələ keçirə biləcəkmi və ya 2026 seçkiləri onun son siyasi döyüşü olacaq?

Politoloq: Pezeşkianın prezident seçilməsini İranda "türk əsrinin"  başlanması kimi təqdim edilməsi yanlışdır...

Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Ermənistanda Nikol Paşinyanın partiyasının nüfuzu hələ də yüksək olaraq qalır:
"Doğrudur, sosial vəziyyətlə bağlı müəyyən qədər reytinq azalması müşahidə olunur, lakin ümumilikdə demək mümkündür ki, ən reytinqli partiya statusunu Paşinyanın siyasi komandası bu gün də qoruyub saxlayır. Yəni, seçkilərin əsas favoriti məhz "Vətəndaş Müqaviləsi" Partiyasıdır. Bu baxımdan Paşinyanın yenidən hökumət başçısı seçilməsinə böyük şübhə edilmir. Ehtimal olunur ki, Paşinyan yenidən hakimiyyəti əldə edəcək.

Buradakı sosial məsələlər əsasən Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya siyasəti ilə bağlıdır. Çünki Ermənistanın enerji sektoru və bank sektoru Rusiya iqtisadiyyatından çox asılı vəziyyətdədir. Bu səbəbdən hər iki sektorda ciddi böhranlar yaşanır və bu böhranların Ermənistan əhalisinin sosial rifahına son dərəcə mənfi təsir göstərdiyini müşahidə edirik. Məhz buna görə də Paşinyanın reytinqində müəyyən qədər azalma müşahidə olunur.

Eyni zamanda son zamanlar kilsə ilə iqtidar arasında yaranmış ziddiyyətlər, buna paralel şəkildə bəzi müxalifət liderlərinə qarşı həyata keçirilən sərt siyasi tədbirlər ölkədə müəyyən gərginlik və çaxnaşmaların ortaya çıxmasına səbəb olan mühüm amillərdəndir".

Politoloq həmçinin vurğulayıb ki, digər tərəfdən müxalifətin daxilində də ciddi parçalanmalar var:

"Həm Qarabağ klanı, həm də digər müxalif qruplar arasında açıq şəkildə qarşıdurmalar yaşanır. Qarabağ klanının Rusiyaya həddindən artıq yaxın dayanması onu digər partiyalardan uzaqlaşdırıb. Bununla yanaşı, Qarabağ klanının öz daxilində də böyük parçalanmalar müşahidə edilir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, eləcə də keçmiş müdafiə naziri Seyran Ohanyan faktiki olaraq bu klanı parçalayaraq müxtəlif qruplara ayırıblar. Demək olar ki, onların hər birinin ayrıca hakimiyyətə gəlmək iddiası mövcuddur və buna görə də Ermənistan müxalifəti vahid qüvvə kimi birləşə bilmir.

Müxalifətin dağınıq və nəzarətsiz vəziyyətdə olması, birləşə bilməməsi fonunda iqtidar partiyasının nüfuzu hazırda daha yüksək görünür.

Lakin burada belə bir məqam da var ki, istisna deyil: Ermənistanda təkbaşına hökumət qurmaq üçün lazım olan səsləri "Vətəndaş Müqaviləsi" Partiyası toplaya bilməsin və nəticədə koalisiya hökuməti formalaşdırmaq məcburiyyətində qalsın. Bu halda Paşinyanın kiçik müttəfiqlərə ehtiyacı yaranacaq və ehtimal etmək olar ki, o, bəzi partiyalara nazirlik postları verməklə onları öz tərəfinə çəkməyi bacaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31