Gərginlik zirvədə: Paşinyanın seçki öncəsi "qorxu siyasəti" – ÖZƏL

"Bu gün Ermənistanın siyasi elitasında və ümumilikdə Ermənistan siyasətində gərgin proseslər davam edir. Seçki   yaxınlaşdıqca bu proseslər daha da kəskinləşir və bir neçə ay sonra gərginliyin daha da artacağı gözlənilir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın komandası, təbii ki, hakimiyyəti qoruyub saxlamaq və seçkilərdə qalib gəlmək istəyir. Çünki əgər o, seçkilərdə qalib gəlməsə, müxalif qüvvələr Ermənistandakı bütün indiyədək mövcud olan problemləri  onun üzərinə yıxacaq və ölkənin bütün uğursuzluqlarını Paşinyan ilə bağlayacaqlar. Paşinyan da, komandası da bunu çox yaxşı anlayır. Bu səbəbdən o, bütün gücü ilə mübarizə aparır ki, seçkilərdə qalib gəlsin. Bunun üçün hətta ən kəskin addımlara da əl atır. Paşinyan üçün insanların həbs etdirilməsindən tutmuş bütün radikal addımlar bir vasitədir.

"Həbs olunanlar arasında iş adamları, biznes nümayəndələri, kilsə xadimləri, müxalif qüvvələrin təmsilçiləri və hətta hazırda region rəhbərləri də var. Bunların hamısı məlum məsələlərdir. Məsələn, Gömrük Komitəsinin rəhbəri və onun oğlu həbs edilib. Karapetyan həbsdədir, onun yaxın çevrəsi həbs edilib, bir neçə kilsə xadimi də saxlanılıb. Təbii ki, bütün bunlar ilk növbədə qorxu yaratmaq və rəqibləri sıradan çıxarmaq məqsədi daşıyır," - deyə siyasi ekspert qeyd edib.

Ş. Ağayev əlavə edib ki, Paşinyanın və Ermənistanın xarici borcu məsələsinə gəldikdə, bu borcun getdikcə artması mümkündür. Əgər qış vaxtı Paşinyan Rusiyaya və ya region dövlətlərindən birinə qarşı hansısa sərt addım atarsa, qazın qiymətinin qalxması, iqtisadi problemlərin yaranması mümkündür. Bu isə Paşinyanın seçkilərdə qalib gəlmə şansına mənfi təsir göstərə bilər. Proseslər daha da dərinləşərsə, onun şansları əvvəlki seçkilərlə müqayisədə xeyli azalacaq.

Ekspertin sözlərinə görə, Ermənistan cəmiyyətində vəziyyət onsuz da gərgindir və proseslərin necə nəticələnəcəyi hələlik bəlli deyil. Ancaq faktdır ki, Paşinyanın reytinqi aşağı düşməkdə davam edir. Məhz buna görə o, seçkilərə qədər bütün imkanlardan istifadə edib mövqeyini qorumağa çalışır. Lakin Ermənistanın hazırkı siyasi, iqtisadi və sosial mühiti Paşinyan üçün ciddi çətinliklər yaradır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31