Dövlət borcu və kilsə tələbi: Paşinyanın hakimiyyəti təhlükədə?- ÖZƏL

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik artır. Baş nazir Nikol Paşinyan rəqiblərinin mümkün addımlarını nəzərə alaraq dövlət qulluqçuları ilə ardıcıl görüşlər keçirir və onlara maaş artımı vədi ilə yeni tərəfdarlar toplamağa çalışır. Kilsə daxilində də ciddi müzakirələr gedir, eyni zamanda ölkənin sürətlə artan dövlət borcu narahatlıq doğurur. Rəsmi rəqəmlər borcun son səkkiz ildə iki dəfədən çox artdığını göstərir və yaxın illərdə 15 milyardı keçəcəyi proqnozlaşdırılır. Bu isə həm iqtisadi sabitlik, həm də siyasi gələcək üçün ciddi risklər yaradır.
Sürətlə artan dövlət borcu və kilsə ətrafındakı gərginlik fonunda Paşinyanın yaxın seçkilərdə hakimiyyəti qoruyub saxlamaq şansı necə görünür?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda iqtisadi durum o qədər də ürəkaçan deyil və üstəlik dövlət borclarının ciddi şəkildə artması Ermənistanın həmin iqtisadi durumuna, eyni zamanda daxili siyasi vəziyyətə də təsir edən vacib amillərdən biridir. Belə ki, Ermənistanın dövlət rezervi ehtiyatları, valyuta ehtiyatları ilə borcu arasında ciddi bir qeyri-mütənasiblik var.
Amma bütün bunlara baxmayaraq, seçki kampaniyasına əslində start verilir və Paşinyanın dövlət qulluqçuları ilə görüşləri, onların maaşı haqqında verdiyi fikirlər də seçki kampaniyasında bir hazırlıq dövrü kimi qəbul olunur. Şübhəsiz ki, Paşinyan bütün cəhdlə həm əhalinin müxtəlif təbəqələrinin könlünü almaq və onları hakimiyyətinə tərəf çevirmək üçün addımlar atır. Bunlardan biri də dövlət qulluqçularının maaşı ilə bağlı təklifdir. Çünki hazırda Ermənistanda, bir daha qeyd edim, həm daxili siyasi vəziyyət, həm də iqtisadiyyatda müəyyən durğunluq Paşinyan hakimiyyəti üçün risklər yaradır. Üstəlik nəzərə alsaq ki, Paşinyan siyasi rəqiblərlə yanaşı, kilsə ilə də ciddi münaqişə vəziyyətindədir, bu da onun hakimiyyəti üçün əlavə risklər formalaşdırır. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Paşinyanın əlində həm inzibati resurslar, müəyyən maliyyə imkanları, cəmiyyətdən gördüyü dəstək və Qərbdən aldığı siyasi dəstək var. Bu amillər Paşinyanın şanslarını artırır. Və əgər seçkilərə qədər müxalifət düşərgəsində toparlanma baş verməyəcəksə və onlar vahid ideya və cəmiyyətin qəbul etdiyi vahid lider ətrafında birləşməyəcəklərsə, o zaman Paşinyanın hakimiyyətdə qalmaq şansları ciddi şəkildə artacaq. Əksi olarsa, o zaman ciddi bir mübarizənin, siyasi qarşıdurmanın şahidi ola bilərik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31