ABŞ-da terror aktı iddiası: Tramp miqrasiya siyasətini hədəf aldı- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında iki Milli Qvardiya üzvünün güllələnməsini terror aktı kimi qiymətləndirib. Florida ştatındakı iqamətgahından yayımladığı videomüraciətdə Tramp bildirib ki, hadisənin şübhəlisi Əfqanıstandan gəlmiş və 2021-ci ilin sentyabrında Bayden administrasiyasının həyata keçirdiyi kütləvi evakuasiya reysləri ilə ölkəyə daxil olub. O, mövcud administrasiyanı "20 milyon yoxlanılmamış əcnəbini ölkəyə buraxmaqda" günahlandırıb. 
Trampın bu açıqlaması ABŞ-da miqrasiya siyasəti ilə bağlı siyasi gərginliyi artırırmı? Hadisənin "terror aktı" kimi təqdim olunması ABŞ-ın daxili təhlükəsizlik siyasətində yeni sərtləşdirmələrə gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
"  ABŞ-da terror aktının baş verməsi şübhəsiz ki, bir sıra təhlükəsizlik risklərini gücləndirir, miqrasiya siyasətinin daha da sərtləşməsinə səbəb ola bilər və Donald Tramp həm də seçkiqabağı dövrdə özü üçün siyasi dividendlər əldə etmək niyyətindədir. Hər bir neqativ hadisədə özü üçün imic qazanmağa çalışır, əvvəlki rəhbərliyi tənqid edir və Bayden administrasiyasına  baş vermiş bu hadisəni yönəltmiş olur.
Şübhəsiz ki, ABŞ-a qeyri-qanuni miqrantlar da daxil olur və əcnəbilərin sənədləri, onların əvvəlki dövrdəki fəaliyyətləri və s. dəqiqliklə yoxlanılmır. Bu kimi hadisələr isə daha sonra siyasi gərginliyə, təhlükəsizlik təhdidlərinin daha da güclənməsinə səbəb olur.
Hadisənin Donald Tramp tərəfindən terror aktı kimi təqdim olunması ABŞ-da həm də daxili təhlükəsizlik tədbirlərinin daha da artırılmasına gətirib çıxaracaq. Burada siyasi motivlərin axtarılması da önəmlidir. Tramp "Make America Great Again"- "Amerikanı yenidən güclü edək" şüarını irəli sürərkən məhz daxildə təhlükəsizlik meyillərinin gücləndirilməsi fikrini vurğulayırdı, iqtisadi və siyasi cəhətdən güclü bir dövlət olmaq ideyasını qabardırdı.
Bu baxımdan, hər hansı kiçik insidentin baş verməsi həm Trampın siyasi addımlarına mənfi təsir göstərir, həm də keçmişdən qalan problemlərin dövlət səviyyəsində ortaya çıxması hazırkı duruma təsirsiz ötüşmür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31