“Cəmiyyətlər hələ hazır deyil, amma bu, yumşaldıcı sosial siqnaldır” – Bəhruz Quliyev – ÖZƏL

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xal olan 12 bal verib.
Nəticələr açıqlanarkən Samirə Əfəndinin səhnədə Saro Gevorkyanı qucaqlaması gecənin ən çox müzakirə olunan anı olub və sosial şəbəkələrdə geniş rezonans doğurub.

Hələ sülh imzalanmadan, indiki vaxtda bu qədər səmimi, dost münasibətinə ehtiyac varmı?

"Bəli, Astanadakı musiqi müsabiqəsində Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verməsi və onu qucaqlaması böyük ictimai müzakirə yaratdı. Bu addımı rəsmi siyasətin elementi kimi təqdim etmək məncə düzgün deyil. Bu, ilk növbədə sənətçinin öz subyektiv fikri və şəxsi jestidir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, mədəniyyət insanlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin belə davranışları "xalq diplomatiyası"nın bir forması da sayıla bilər. Çünki bəzən mədəniyyət, cəmiyyətin müxtəlif nümayəndələri siyasətin edə bilmədiyini edir və  gərginliyi yumşaldır, qarşılıqlı anlayış üçün zəmin yaradır.

"Bəllidir ki, sülhə doğru addımlar atılır. Bu gün hələ sülh müqaviləsi imzalanmasa da, bu cür səmimi jestləri təhlükə kimi yox, yumşaldıcı sosial siqnal kimi də qəbul etmək olar. Nəzərə alaq ki, cəmiyyətlər hələ bu cür yanaşmalara da tam  hazır deyil. 
Samirə Əfəndinin addımı siyasi mesaj deyil, sadəcə mədəni münasibətin təbii ifadəsidir. Mədəniyyətin birləşdirici gücü bəzən böyük proseslərə kiçik, amma vacib töhfə də ola bilir," - deyə ekspert əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31