Paşinyan seçkiləri gözləyir: KTMT-dən uzaqlaşma gerçəkdir? - ÖZƏL
15:09 SiyasətErmənistan yenidən KTMT sammitinə qatılmadı. Rəsmi İrəvan KTMT-ni 44 günlük müharibədə dəstək göstərməməkdə ittiham edir.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Ermənistan gələn il bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər KTMT ilə bağlı qəti və birmənalı mövqe sərgiləməyəcək. Parlament seçkilərində növbəti qələbə Paşinyana KTMT ilə bağlı yekun siyasi qərarın qəbul edilməsi üçün ciddi ictimai dəstək ola bilər. Özü də qələbə böyük səs üstünlüyü ilə əldə ediləcəyi təqdirdə. Bununla belə, Paşinyanın bəlli səbəblərə görə KTMT ilə münasibətləri tam şəkildə kəsə biləcəyi də sual altındadır.
Əvvəla, Gümrüdə Rusiyanın 102-ci hərbi bazası qaldığı təqdirdə KTMT ilə bağlı hər hansı siyasi qərar Paşinyan iqtidarı üçün təhlükəsizlik amilləri baxımından heç bir yaxşı nəticə vəd etmir. Digər tərəfdən, Paşinyan NATO-nun təhlükəsizlik çətiri altına girə biləcəyi ilə bağlı Qərbdən heç bir təminat və ya vəd almayıb. Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərginliyin hələ də qaldığı şəraitdə isə qlobalistlərin səylərinə baxmayaraq Ermənistanın NATO-ya qəbulu istiqamətində Türkiyə səddini aşmaq mümkün olmayacaq. Zira rəsmi Ankara bu qərarın qəbul edilməsinə birmənalı olaraq veto qoyacaq.
Bundan başqa, Ukraynanın NATO-ya üzv olmaq üçün rəsmi Kiyevin atdığı addımların ona nə qədər baha başa gəldiyi də məlumdur və Paşinyan bu amili də nəzərə almaya bilməz. Nəhayət, bölgəyə NATO-nun gəlişi məqsədilə rəsmi İrəvanın ata biləcəyi addımlara öz geosiyasi və regional təhlükəsizlik maraqlarından çıxış edərək Moskva və Tehranın hansı adekvat qərarlar qəbul edəcəyini də Paşinyan yaxşı bilir.
Bütün bu amillərin kontekstində Paşinyanın KTMT ətrafındakı oyunları Qərbdəki havadarları qarşısında "stəkanda fırtına" yaratmaq şousundan başqa bir şey deyil. Bunun mahiyyətinə Kreml də varır və buna görə də Paşinyana təzyiq üçün daha effektiv və kifayət qədər güclü təsir mexanizmlərini hələ də işə salmır".
Zeynəb Mustafazadə