Aİ daxilində Ukrayna müharibəsi ilə bağlı vahid mövqe yoxdur - ÖZƏL
15:04 Siyasət"Rusiya-Ukrayna müharibəsində ABŞ prezidenti Donald Trampın hazırladığı 28 bəndlik sülh planı gözlənildiyi kimi nəticə vermədi. Noyabrın 27-dək nəzərdə tutulan müddət başa çatsa da, Moskva və Kiyev arasında konsensus əldə olunmadı və plan faktiki olaraq iflasa uğradı. Bu nəticə həm ABŞ administrasiyası, həm də qlobal güclər arasında güc balansı baxımından yeni geosiyasi reallıqlar formalaşdırır." Bu fikirləri Olaylar.az-a Siyasi şərhçi Mürtəza Bünyadlı deyib:
"Trampın sülh planının iflasını şərtləndirən amillər isə bunlardır:
Ukrayna tərəfi sənədin bəzi texniki detallarına razı olsa da, üç əsas sahədə güzəştə getmədi:
* Kiyev işğal olunmuş ərazi güzəştini Rusiya tərəfindən legitimləşdirilməsini qəbul etmir;
* NATO və Aİ-yə inteqrasiya Kiyev üçün təhlükəsizlik zəmanətləri məhz bu platformalara üzvlükdən keçir.
* Ordunun sayının və imkanlarının məhdudlaşdırılması uzunmüddətli təhlükəsizliyi zəiflədən faktor kimi dəyərləndirilir.
Bu istiqamətlərdə kompromisin mümkünsüzlüyü Trampın diplomatik səylərinin uğursuzluğuna səbəb olan əsas amildir.
Brüsselin təklif etdiyi alternativ sülh planı formal olaraq fərqlənsə də, əslində Trampın təklifinin eyni çərçivəsini qoruyur:
* Uzunmüddətli təhlükəsizlik mexanizminə malik atəşkəs,
* Ərazi güzəştlərinə əsaslanan kompromis,
* Təhlükəsizlik zəmanət paketləri,
* Ukrayna ordusuna dəstək.
Onu da qeyd etmək laızmdır ki, Aİ daxilində Ukrayna müharibəsi ilə bağlı vahid mövqe yoxdur. Şərqi Avropa sərt, Almaniya və Fransa isə daha kompromis yönlü xətdə dayanır. Bu parçalanma Aİ planının təsir gücünü zəiflədir.
Moskvanın imtinası: Prosesin uzanması Kremlin maraqlarına xidmət edir
Tramp planının iflasında Kreml faktoru həlledici rol oynadı. Moskva prosesi uzatma strategiyasına üstünlük verir:
* Cəbhədə yeni taktiki üstünlüklər qazanmaq,
* Danışıqlara daha əlverişli mövqedən qayıtmaq,
* Qərbin Ukraynaya dəstəyini tükəndirmək,
* ABŞ administrasiyasını daxili-siyasi çətinliklər qarşısında qoymaq.
Rusiya üçün uzun müharibə qısamüddətli sülhdən daha sərfəlidir.
Çinin qazancı: Pekinin yeni dünya düzənindəki mövqeyini gücləndirməsi
Çin müharibənin uzanmasından ən çox fayda götürən aktordur. Pekinin maraqları çoxşaxəlidir:
1. Diqqətini yayındırılması Vaşinqtonun əsas strateji rəqibi olan Çinə yönələcək təzyiq gecikdirir.
2. "Bir kəmər, bir yol" layihələrinin genişlənməsi Çinin Avrasiyada təsirinin artması üçün yeni imkanlar yaradır.
3. Rusiyanın daha çox asılı hala gəlməsi isə Moskvanın zəifləməsi Pekin üçün iqtisadi-siyasi plastarm yaradır.
4. Sülh təşəbbüslərinə təsir etməklə Çin Moskvanı danışıqlarda tələsməməyə təşviq edir.
Pekin sülhün əldə olunmasını strateji risk, müharibənin uzanmasını isə fürsət kimi dəyərləndirir.
Tramp administrasiyası üçün zərbə: Yeni dünya düzənində liderlik böhranı
Trampın sülh planının uğursuzluğu Vaşinqton üçün bir sıra ciddi nəticə doğurur:
* ABŞ-ın qlobal vasitəçilik roluna zərbə vurulur;
* Tramp administrasiyasının siyasi reytinqi zəifləyir;
* Çinin qlobal güc kimi meydana çıxmasının qarşısını almaq prosesi ləngiyir;
* NATO daxilində fikir ayrılıqları dərinləşir.
Trampın əsas məqsədi Ukrayna müharibəsini tez bir zamanda bitirib diqqəti Çinə yönəltmək idi. Lakin planın çöküşü bu strategiyanın gerçəkləşməsini qeyri-müəyyən vaxta ertələmiş olur.
Sızdırılan danışıqlar: Uğursuzluğun sığortalanması
Uitkof və Uşakov xətti üzrə danışıqların informasiya məkanına sızdırılması ABŞ tərəfindən planın uğursuzluğunu Moskvanın destruktiv davranışı ilə izah etməyə yönəlmiş PR addımı kimi qiymətləndirilir. Bu sızma diplomatik fiaskonun reputasiya itkilərini azaltmaq məqsədi daşıyır.
Nəticədə isə sülh yox, daha dərin geosiyasi qarşıdurma yaranır.
Trampın sülh planının iflası Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyini göstərir. Bu münaqişə artıq regional deyil, qlobal güclərin strateji qarşıdurmasının mərkəzi elementinə çevrilib. Müharibənin uzanması:
* Rusiyaya taktiki üstünlük verir,
* Çinin qlobal yüksəlişinə şərait yaradır,
* Avropanı zəiflədir,
* ABŞ-ın liderlik mövqelərini sarsıdır.
Bütün bunlar göstərir ki, yaxın perspektivdə sülhün əldə olunması real görünmür və münaqişə yeni güc balansının müəyyənləşdiyi geopolitik mübarizənin mühüm hissəsi olaraq qalacaq."
