"Sülh körpüsü" təşəbbüsündən sonra yeni mərhələ: Parlamentlərarası dialoq başlayır – ÖZƏL
14:40 Siyasət"Nəzərə alsaq ki, artıq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa İrəvan-Bakı və Bakı-İrəvan xətti üzrə təyyarə səfərləri olub və bu səfərlər çərçivəsində vətəndaş cəmiyyəti arasında sülhün təbliği məqsədilə "Sülh Körpüsü" adlı təşəbbüs qrupu da yaradılıb. Bu baxımdan hesab edirəm ki, digər qurumlar və dövlət strukturları arasında da belə qarşılıqlı səfərlərin təşkili, həmçinin sülh quruculuğuna xidmət edən, etimad münasibətlərinin formalaşmasına töhfə verən görüşlərin keçirilməsi mümkündür və vacibdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan baş nazirlərinin delimitasiya və demarkasiya üzrə komissiya rəhbərlərinin də hər iki ölkənin sərhəd yaxın ərazilərinə qarşılıqlı səfərləri baş tutmuşdu. Bu artıq müəyyən mənada bir ənənəyə çevrilib və bundan sonra həm parlament rəhbərlərinin, həm də digər sahələr üzrə rəhbərlərin belə qarşılıqlı səfərlərinin olması nəinki mümkündür, hətta düşünürəm ki, bu ənənənin davam etdirilməsi olduqca faydalıdır. Bu, sülh prosesinə dair hər iki ictimaiyyətə və hər iki ölkənin vətəndaşlarına müsbət mesaj verən bir addımdır.
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi (ASB) sammitində iştirakdan imtina etməsi qərarının Ermənistanla əlaqəli olmadığını bildirib
Simonyan qeyd edib ki, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə son görüşü zamanı azərbaycanlı həmkarı bu qərarın səbəbinin ermənilərlə bağlı olmadığını xüsusi olaraq vurğulayıb.
Eyni zamanda, Alen Simonyan iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılaşmanın mövcud olduğunu təsdiqləyib. Simonyan bu çərçivədə Sahibə Qafarovanı Ermənistana dəvət etməyi düşündüyünü də əlavə edib.
Sevda Dəniz