Zəngəzur dəhlizi: İran alternativ planlar hazırlayır – "Pay olmasa..." – ÖZƏL

SEPAH-ın sabiq generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur "Iran 24" telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizi ətrafındakı razılaşmaları şərh edib.
Həqiqətpur razılaşmanın bölgədə yeni geosiyasi proseslərə yol açdığını bildirərək, məsələni "kiçik" adlandıran İran Prezidenti Pezeşkianla razılaşmayıb.
O əlavə edib ki, əgər razılaşmada İran üçün pay müəyyən edilməsə, Tehran öz təsir imkanlarını qorumaq üçün alternativ planlar hazırlamalıdır.

"İran və Rusiya Zəngəzur dəhlizi layihəsinin iştirakçısı deyillər və böyük ehtimalla heç vaxt da olmayacaqlar. Çünki Zəngəzur dəhlizi layihəsinin birmənalı şəkildə ABŞ-nin nəzarəti altında reallaşması ehtimalı var".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli sənəd də bunu göstərir. Bu isə o deməkdir ki, ABŞ-nin fəal olduğu bir layihədə nə Rusiya, nə də İran iştirak edə bilər. Eyni zamanda ABŞ nə geoiqtisadi, nə geostrateji, nə də geopolitik baxımdan İrana hansısa pay ayrılmasına razılaşmaz. Xüsusilə də son dövrlərdə ABŞ-İran münasibətlərinin son dərəcə gərgin olduğunu nəzərə aldıqda, İranın bu layihəyə qoşulması tamamilə istisnadır.

"Təbii ki, İran Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır. Lakin zaman keçdikcə və proseslər inkişaf etdikcə İranın təsir mexanizmləri zəifləyir və nəticədə İran regionda formalaşan yeni geopolitik situasiyadan kənarda qalır. İranın alternativ addımlar atmaq imkanları da olduqca məhduddur, çünki region dövlətlərinin heç biri ilə ortaq maraqları demək olar ki, qalmayıb. Bu səbəbdən İranın "alternativ variantlar" dedikdə nəyi nəzərdə tutduğu böyük sual yaradır," - deyə siyasi ekspert qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, əgər İran rəsmiləri alternativ variantlar sırasında hərbi addımları nəzərdə tuturlarsa, bu, İran üçün ciddi səhv olardı. Çünki Cənubi Qafqaza hərbi müdaxilə yalnız regionu deyil, onun ətrafındakı dövlətləri də ağır vəziyyətə sala bilər. İran unutmamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan  Azərbaycanın strateji müttəfiqi Türkiyədir və Türkiyə NATO-nun əsas aparıcı dövlətlərindən biridir. Belə şəraitdə İranın hərbi variantlar barədə düşünməsi onun üçün son dərəcə ağır nəticələr yarada bilər. Bu baxımdan İran Cənubi Qafqazda baş verən proseslərdən nə qədər narahat olsa da, mövcud reallığı qəbul etməli və Cənubi Qafqaz dövlətləri ilə ikitərəfli, bərabərhüquqlu münasibətlərin qurulması və inkişafı barədə düşünməlidir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31