Siyasi etika rəqabətli siyasi mədəniyyətin məhsuludur- ÖZƏL

"Uzun illər siyasətlə məşğul olub hadisələrin episentrində olanlar çox yaxşı bilirlər ki, Azərbaycanda dəyişiklik istəyən ciddi siyasi proseslərin fəlsəfi mahiyyəti əvvəldən yanlışlıq düsturu ilə ortaya atılıb. Narıncı inqilablarla siyasi qidalananlar, "ərəb baharı" siyasi terminini özünə bayraq edənlər və perspektivsiz siyasi ortamlar yaradanlar bütün bu metodların hamısı uğursuzluğa düçar oldular. Səbəbləri isə müxtəlif bəhanələrlə izah edildi: "inzibati resurs qoymadı", "üstümüzə polis göndərirlər" və sair". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert - Ramil Hüseynov deyib: "2003-cü ilin hadisələri yadınızdadır. Mən də həmin proseslərin tam mərkəzində olan bir şəxs kimi müşahidələrim əsasında bu gün də deyə bilirəm ki, həmin uğursuzluqlar siyasi təcrübənin və siyasi etikanın pozulmasından yaranmışdı. Siyasi təcrübə əlbəttə ki, siyasətdə önəmlidir, lakin bu təcrübədən düzgün yararlanmağa siyasi etika imkan verməlidir. Əks halda həmin təcrübə fayda vermir. Əslində siyasi etikanın mahiyyətinə gedən yol mənəvi dəyərlərin və normaların siyasi münasibətlər sisteminə tətbiqi ilə başlayır. Əgər biz bu dəyərləri siyasi sahəyə daşıya bilməmişiksə, onda siyasi münasibətlər mənəvi dəyərlərə uyğunlaşmır.
Siyasi etika demokratik inkişafın, rəqabətli siyasi mədəniyyətin məhsuludur. Uğursuzluq baş verəndə onu daxili məziyyətlərinin imkan verdiyi çərçivədə düzgün qiymətləndirib sonra doğru addım atmalıdır. Yoxsa öz səriştəsizliyini gizlətmək üçün dərhal qarşı tərəfi spekulyasiya etmək, günahlandırmaq uğursuzluğun əsas mahiyyətidir. Bizdə vətəndaş cəmiyyətinə böyük zərbə vuran amillər də məhz bunlar oldu. Cəmiyyətdə spekulyativ siyasi formalara aldananlar mülki münasibətlərdə geridə qaldı. Lakin ictimai şüurun formalaşmasına təsir edən insanlar təcrübədən düzgün yararlanıb siyasi etika ilə davranış nümayiş etdirə bilsəydilər, bu gün vətəndaş cəmiyyətimizdə tam başqa bir inkişaf, modernizasiya və müasir standartlara uyğun həyat strategiyası formalaşmış olardı. Çünki "prafenomen" fəlsəfəsinin siyasi mühitdə, dövlətçilikdə sadiqlik atmosferinin yaradılmasında xüsusi önəmi var. Hadisələri ilkin şəkildə dəyişdirmədən, təhrif etmədən ictimai şüura ötürə bilsəydik, bu gün başqa siyasi mənzərənin və fərqli siyasi floranın şahidi olacaqdıq. Yalanlar, ictimai rəyi çaşdırmaq, riyakarlıq, nəticəsizlikdən başqalarını günahlandırmaq  bunlar hadisələrin mahiyyətinə aparan yol deyil. Başlanğıc nöqtə düzgün nəticə çıxarmaq və siyasi etikaya sadiq qalmaqdır. Lakin yanlış hesablamalar insanların ilk idrak reaksiyalarını zədələdi və bununla da həmin şəxslər öz siyasi kitablarını bağladılar.
Amma İlham Əliyev böyük lider kimi idarəetmə tərzində, dövlətçilik ritorikasında, Qarabağla bağlı qətiyyətində, dövlət məsuliyyətində qanunçuluğa sadiqliyində və diplomatik davranış standartlarının tətbiqində hər zaman siyasi etika nümayiş etdirdi.
İlham Əliyevin "prafenomeni"  dövlətçilik yönümlü sərt diplomatiyası və suverenlik mərkəzli liderliyi  özünü təkcə regionda deyil, bütün dünyada təsdiqlədi. Heç vaxt kimdənsə şikayətlənmədi, heç zaman uğursuz planlar qurmadı, etmədiyi məsələləri elan etmədi, xalqına qarşı heç vaxt qeyri-səmimi olmadı. Bütün nəticələrə birlikdə şahidlik etmişik, dəyərli soydaşlarım. Cəmiyyət siyasi liderlərdən təhlükəsizliyi, sabitliyi, qoruyucu və himayəedici obrazı gözləyir  millətini qoruyan lider obrazını.
Qətiyyət göstərən, cəsarət, qəti qərarvermə, milli iddianı qoruma...
 Dövləti modernləşdirən, müasir dünya standartlarına cavab verən model quran lider... 
Bütün bu hadisələrə ədalətli qiymət vermək yalnız siyasi bilikləri və siyasi etikası olan şəxslərin bacardığı bir işdir. Onlar da İlham Əliyevi özlərinə lider seçdi. Digərləri isə hələ də öz "liderləri" kimi bütün uğursuzluqlara ortaq olurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31