Erməni cəmiyyətində belə bir xüsusiyyət var ki, güc qarşısında təzim edərlər- ÖZƏL
11:55 Siyasət"Həmişə bir şeyə inanmışam ki, Ermənistan cəmiyyətinin, ümumilikdə dünya ermənilərinin böyük əksəriyyəti əslində böyük bir oyunun qurbanıdır. Onlara nə Qarabağ lazım idi, nə də ümumiyyətlə türklərlə- istər Türkiyə, istər Azərbaycan olsun münaqişə, müharibə lazım idi. Onlar sadəcə başlarını aşağı salıb yaşamaq istəyirdilər." Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib: "Sadəcə olaraq xislətləri onlara həmişə mane olub və bu gün də mane olmaqda davam edir. Həmin o xislətdən də anti-türk mərkəzlər və qüvvələr sui-istifadə edərək erməniləri bu qədər böyük fəlakətlərə sürükləyə biliblər. İndi Ermənistan cəmiyyəti ayılıb, başa düşüb ki, Qarabağ kimi ağır bir yükün altına girməməli idilər. Girdiklərinə görə başlarına gəlməyən qalmayıb. Bu baxımdan da Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurub dinc yanaşı yaşamağın ən doğru seçim olduğunu bilirlər. Lakin həmin o revanşist qüvvələr, ara vurmaq istəyən mərkəzlər -elə Saqatelyanlar və onlar kimi ünsürlər, onların bağlı olduqları siyasi təşkilatlar, bütün bunları həzm etmək istəmirlər."
Azər Həsrət bu qənaətdədir ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla da, Türkiyə ilə də normal münasibətlər tərəfdarıdır: "Onlar anlayırlar ki, çıxış yolu, nicat, çiçəklənmə, irəliyə getmə və xoşbəxtlik buradan keçir. Belə bir vəziyyətdə olan erməni cəmiyyətini azsaylı Saqatelyanlar və onlara bənzər ünsürlər yolundan sapdıra bilməyəcək. Şəxsən mən narahatlıq hiss etmirəm. Ermənistan cəmiyyəti hətta bu cür adamları bu və ya digər şəkildə parlamentə buraxsa, onlara vəzifə versə belə, artıq o müharibələr, o iddialar arxa planda qalmalı olacaq. Çünki bizim gücümüzü görüblər."
"Erməni cəmiyyətində belə bir xüsusiyyət var ki, güc qarşısında təzim edərlər. Bunu həmişə görmüşük, bundan sonra da belə olacaq. Şəxsən mən narahatlıq üçün heç bir əsas görmürəm. Deyirlər ki, "çax-çax baş ağrıdır, dəyirman isə öz işindədir". İndi bu Saqatelyanlar həmin o çax-çaxlardır, amma dəyirman öz işindədir. İki xalq arasında sülh yaratmaq, etimadı dərinləşdirmək prosesi gedir"-deyə siyasi şərhçi əlavə edib.
Xatırladaq ki, 21-22 noyabr tarixində bir qrup erməni vətəndaş cəmiyyəti təmsilçisi "Sülh körpüsü təşəbbüsü" çərçivəsində Bakıda oldu. Ermənilər Bakıda ikən daşnakların lideri İşxan Saqatelyan onları öz millətindən saymayaraq, "Bakı və Ankaranın agentləri" adlandırmışdı.
İbrahim Məmmədli