Mənsur Həqiqətpurdan Zəngəzur dəhlizi şərhi: Pezeşkiana qarşı SEPAH sabotajı? – ÖZƏL
16:41 SiyasətSEPAH-ın sabiq generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur "Iran 24" telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizi ətrafındakı razılaşmaları şərh edib.
Həqiqətpur razılaşmanın bölgədə yeni geosiyasi proseslərə yol açdığını bildirərək, məsələni "kiçik" adlandıran İran Prezidenti Pezeşkianla razılaşmayıb.
"Bu razılaşmanın əhəmiyyətsiz olduğunu düşünmək doğru deyil. Region üçün strateji önəm daşıyan bir mövzuya sadəlövh yanaşmaq olmaz. İran gələcək proseslərdə öz payına sahib olmalıdır," - deyə sabiq general vurğulayıb.
O əlavə edib ki, əgər razılaşmada İran üçün pay müəyyən edilməsə, Tehran öz təsir imkanlarını qorumaq üçün alternativ planlar hazırlamalıdır.
"İranda bəzi dairələr ümumiyyətlə indiki Prezident Məsud Pezeşkianın siyasətini sabotaj etməyə çalışırlar və burada xüsusilə SEPAH qanadı fəal görünür. Bu, təkcə Zəngəzur dəhlizi məsələsində deyil, ümumiyyətlə bir çox istiqamətdə Pezeşkianın əks mövqeyini tutan bir qruplaşmadan söhbət gedir".
.jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, əgər bu qarşıdurma bu şəkildə davam edərsə, gələcəkdə İran daxilində və İran siyasi elitasında ciddi problemlərə səbəb ola bilər. Şübhəsiz ki, SEPAH-ın sabiq generalı və İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədrinin - Həqiqətpurun açıqlamaları da təsadüfi deyil. Həqiqətpur öncə qeyd edir ki, SEPAH-ın "danışan ağızları", yəni SEPAH ilə bağlı siyasi mövqeləri təmsil edən şəxslər parlamentə düşə bilib və yüksək vəzifələrə gətirilib.
"Onun bu cür açıqlama verməsinin əsas səbəbi odur ki, SEPAH prezidentdən narazıdır. Yəni SEPAH göstərmək istəyir ki, prezidentin xüsusilə xarici siyasətlə bağlı addımlarından narazılıq var. Amma burada bir məqam da var: son zamanlar İranın xarici siyasətində SEPAH-ın təsiri azalır.
Hazırda İranın xarici siyasətinə əsasən Prezident Pezeşkianın komandası nəzarət edir. Buna görə də İranın bu məsələlərdə xüsusi mövqe tutması və ya mövcud qərarları dəyişdirməsi üçün real əsas yoxdur. Mövqe bildirsələr belə, İranın Zəngəzur dəhlizi ilə bağlı prosesə təsir imkanları yoxdur," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, artıq Zəngəzur dəhlizi məsələsi Vaşinqtonda həll olunub və tərəflər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə müəyyən razılığa gəliblər. İranın bu qərarı dəyişdirməsi mümkün deyil, çünki ölkədə belə bir siyasi iradə mövcud deyil. Buna görə də SEPAH-ın keçmiş rəsmisinin və hazırda "danışan ağızlarından" birinin səsləndirdiyi bu açıqlamalar tamamilə əsassızdır və öz məzmunundan uzaq, gülüş doğuran bəyanatlardır. İran heç bir halda bu prosesə təsir göstərə bilməyəcək.
Sevda Dəniz