Prezident İlham Əliyev İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları və məşqçiləri mükafatlandırıb - SƏRƏNCAM

İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları mükafatlandırılıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 (on) gün müddətində hazırlayıb təsdiq etməlidir.

Bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31