Keçmiş SSRİ bayraqları ilə yürüş cəhdi təhlükəli ola bilərmi?- ÖZƏL
14:50 SiyasətSosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. DİN-in məlumatına görə, Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçılar müəyyən edilərək barələrində cinayət işi açılıb. İlkin istintaq onların xarici dövlət tərəfindən maliyyələşdirilərək ofis icarəyə götürdüyünü və mütəmadi toplantılar keçirdiyini müəyyən edib. Axtarış zamanı kommunist ideologiyasını təbliğ edən materiallar, bayraqlar, radikal məzmunlu kitablar və elektron cihazlar götürülüb.
.jpg)
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əlbəttə ki, bu tip addımlar, xüsusən də milli dövlətçiliyə qarşı olan ideologiyaların açıq şəkildə təbliğinə cəsarət edilməsi, şəxslərin öz qərarından daha çox, onların hansısa xarici dairələrdən cəsarətləndirilməsi ilə həyata keçirilən proseslərdir. Bunlar dövlət təhlükəsizliyi baxımından risk daşıyan amillər kimi dəyərləndirilməlidir. Düzdür, bu, həyatı risk daşımır, buna görə də cəmiyyəti boşuna panikaya salmağa ehtiyac yoxdur.
Azərbaycanda Rusiyadan və ya digər ölkələrdən təşkilatlanmış, adı kommunizm olan, əslində isə məqsədləri ucuz siyasi kart əldə etmək olan qruplara inanacaq insanlar azdır. Azərbaycan xalqı artıq dünyanı görən, başa düşən və milli dövlətin nə qədər vacib olduğunu dərk edən xalqlar sırasındadır. İndi Rusiyadan təşkilatlanmış, kim olduğu bəlli olmayan şəxslərə inanıb onların arxasında hansısa təxribatçı addımlara gedəcəyini gözləmək qeyri-mümkündür.
Ancaq bu, hansı nöqtədə dövlət təhlükəsizliyi baxımından təhlükə yarada bilər? Bu tip adamlar ekstremist olurlar. Onların "biz öz ideologiyamız var, ona inanırıq, onu yaşayırıq" dedikləri əslində ekstremizmin başlanğıcıdır. Çünki bu şəxslər bir yerdən sonra cinayətkara, hətta terrorçuya çevrilə bilərlər və bu da müəyyən təxribatların törədilməsi ilə nəticələnə bilər. Məhz bu nöqtədə həmin şəxsləri vaxtında deşifrə edib, kim olduqlarını və hansı maraqlara xidmət etdiklərini aydınlaşdırmaq, onları nəzarətdə saxlamaq, mümkün neqativ halların qarşısını almaq baxımından daha faydalı olar ki, təxribatlar baş verməsin. Yoxsa, qeyd etdiyim kimi, bu şəxslərin geniş kütlələri öz tərəflərinə çəkməsi, onları inandırması və ya hansısa ideologiyanın daha yaxşı olduğuna toplumu razı salması qeyri-mümkündür. Çünki bu ideologiyalar artıq, xüsusən xaricdən siyasi alət kimi istifadə edilməsi, bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub və heç kim bir daha belə ideologiyaların Azərbaycan xalqı üzərində tətbiqinə razı olmayacaq.
Bəzi qrupların niyə SSRİ ideologiyasını tətbiq etmək istədiyi və bunun arxasında hansı siyasi səbəblərin dayandığı məsələsinə gəlincə, siyasi səbəb açıqdır. Azərbaycan son dönəmlərdə Rusiyanın narazılığına səbəb olan müstəqil xarici siyasət yürüdür, öz milli maraqlarından çıxış edir. Rusiyanın və ya digər dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycan qətiyyətlə addımlarını davam etdirir və xarici siyasət tamamilə xalqımızın, millətimizin və dövlətimizin maraqlarına uyğun formalaşdırılır. Bu isə bəzi xarici dairələr tərəfindən qısqanclıqla qarşılanır. Onlar çalışırlar ki, bu prosesi necəsə dayandırsınlar və siyasi təzyiq aləti kimi vasitələrdən istifadə edərək Azərbaycanı yolundan döndərməyə çalışırlar. Amma bu, artıq uğursuz cəhdlərdir, çünki Azərbaycan xalqı bu oyunlara inanmır, kimin nə məqsəd güddüyünü yaxşı bilir. Ona görə də belə cəhdlər uğursuzluğa məhkumdur və bundan sonra da uğursuz olacaq".
Zeynəb Mustafazadə