Azərbaycanın Təhlükəsizlik Forumu BMT-də: nüfuz və etimadın artımı- ÖZƏL
12:42 SiyasətPrezident İlham Əliyevin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və Forumun Bəyannaməsi BMT-də rəsmi sənəd kimi yayılıb. Sənədlərdə qlobal təhlükələrin artdığı vurğulanır və Azərbaycanın təhlükəsizlik orqanları arasında dialoq, etimad və 7/24 informasiya mübadiləsi sistemi yaratmaq təşəbbüsü dəstəklənir. Forumun hər il keçirilməsi üçün Əsasnamə qəbul olunub.
Prezident bildirib ki, silahlı münaqişələr, terrorçuluq və kibertəhdidlər beynəlxalq təhlükəsizliyi sarsıdır və bu şəraitdə Forumun davam etdirilməsi vacibdir.
Bu sənədlərin BMT tərəfindən tanınması Azərbaycanın beynəlxalq təhlükəsizlik proseslərində nüfuzunu necə təsir edir?
.jpg)
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünün bölgədə rolunu ciddi şəkildə artırıb və bu, Azərbaycanın artan nüfuzu ilə bağlıdır. Nəzərə alsaq ki, artıq bu tip tədbirlər ənənə halını alıb, bu tədbirlərdə dünyanın müxtəlif ölkələrinin beyin mərkəzləri, o cümlədən siyasətçilər- həm fəaliyyətdə olan, həm keçmiş dövlət nümayəndələri, ekspertlər iştirak edir. Bu da müasir dünyamızın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılması və müəyyən təşəbbüslərin önə sürülməsi anlamına gəlir ki, bir daha bu, Azərbaycanın nüfuzunun daha da güclənməsinə təsir edən amillərdəndir. Faktiki olaraq, bu tədbirləri keçirməklə həm regional, həm də qlobal siyasətdə öz rolunu artırmış olur, bu isə Azərbaycana qarşı etimadın yaranmasına səbəb olur. Təkrarlamaq lazımdır ki, bu tip tədbirlər həm bölgədə, həm də dünyada normallaşma və əməkdaşlıq mühitinin yaranmasına təsir edir, eyni zamanda Azərbaycanın rolunun artmasına və nüfuzunun güclənməsinə xidmət edir".
Zeynəb Mustafazadə