Ankara qlobal geosiyasi proseslərdə aktiv iştirak edir- ÖZƏL

Rusiya-Ukrayna müharibəsinin uzandığı, regional güc balansının dəyişdiyi və qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir mərhələdə Türkiyənin vasitəçilik potensialı həm region, həm də dünya üçün getdikcə daha əhəmiyyətli aktora çevrilir. Son illər Ankara qlobal və regional geosiyasi proseslərdə aktiv iştirak etməklə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında aparıcı rolunu möhkəmləndirib.
Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş yeni sülh planının reallaşmasında Türkiyənin rolu həm real, həm də strateji baxımdan zəruridir.
Ankaranın münaqişə dövründə qazandığı nüfuz və uğurlu vasitəçilik təcrübəsi
Müharibənin ilk günlərindən etibarən Ankara həm Moskva, həm də Kiyevlə dialoqu itirməyən yeganə NATO ölkəsi olaraq münaqişənin diplomatik həlli istiqamətində ardıcıl və praqmatik siyasət yürüdüb. Bunun ən önəmli göstəriciləri:
1. İstanbul danışıqları və ilk ciddi atəşkəs cəhdi
2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Kiyev və Moskva nümayəndə heyətlərinin İstanbulda apardığı danışıqlar, müharibə boyunca tərəflərin ən yaxın atəşkəs nöqtəsinə gəldiyi mərhələ oldu.
Sonradan Kiyev Qərbin təzyiqi və təhlükəsizlik zəmanətlərinə dair qeyri-müəyyənlik səbəbilə bu anlaşmadan geri çəkildiyini özü də etiraf edib. Bu isə göstərir ki, Ankara real və effektiv vasitəçilik qabiliyyətinə malikdir.
2. "Taxıl Dəhlizi" uğuru - Türkiyə diplomatiyasının global təsiri
Qara Dəniz Taxıl Təşəbbüsü Türkiyənin həm regional, həm də beynəlxalq miqyasda oynaya biləcəyi konstruktiv rolu açıq şəkildə nümayiş etdirdi. Dünyada ərzaq böhranının qarşısının alınmasında Türkiyə tək pragmatik həll mexanizmi təqdim edən ölkə oldu.
Bu iki nümunə artıq Ankaranı münaqişənin sülh yolu ilə həllinə dair ən etibarlı vasitəçi edən əsas təcrübə bazasını formalaşdırıb.
Ankara davamlı olaraq Kiyevlə Rusiya arasında vasitəçi rolunda çıxış edib.  Ankara Kiyevlə Moskva arasında hərbi əsirlərin dəyişdirilməsində də xüsusi  xüsusi rola malikdir.  Ankara  Rusiya ilə Ukrayna arasında tam aktiv rolda olmasa da vasitəçilik rolunda çıxış etməklə ciddi prkatik nəticələrin əldə edilməsinə nail olub.  Mıəhz bu səbəbdən bütün tərəflər Ankaranın vasitəçilik roluna böyük önəm verir və onun nəticələrinə inanırlar.
Ankaranın Trampın sülh planında müstəsna rola malik olması: Siyasi reallıqlar
1. Tramp-Ərdoğan münasibətləri
Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi simpatiyası və inamı uzun illərdir məlum məsələdir. Tramp Ankara ilə əməkdaşlığı ABŞ-ın maraqlarına uyğun hesab edir və Türkiyənin vasitəçilik missiyasına güvənir.
Yeni sülh planının həyata keçirilməsində Ankaranın roluna Tramp administrasiyasının açıq dəstək verməsi ehtimalı yüksəkdir.
2. Moskvanın etimadı və Putinin son mesajları
Ərdoğanın Putinlə davamlı təmasları və Kremlin Ankaranın vasitəçilik təşəbbüslərinə səmimi yanaşması Türkiyənin bu prosesdə unikal mövqeyə sahib olduğunu göstərir.
Moskva üçün Türkiyə həm etibarlı tərəfdaş, həm də Qərblə dialoqu təmin edə biləcək körpü ölkədir.
3. Zelenskinin alternativ vasitəçi çatışmazlığı
Kiyev üçün də Türkiyə həssas balansı qoruya bilən yeganə tərəfdir. Ukrayna rəhbərliyi Qərbin hərbi dəstəyi ilə yanaşı, Ankaranın Rusiyanı danışıqlara gətirə bilən nadir aktor olduğunu yaxşı anlayır.
Avropanın Türkiyəyə dair geosiyasi qənaəti: Sülh Türkiyəsiz mümkün deyil
Brüssel son aylarda açıq şəkildə etiraf edir ki, nə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, nə də Avropanın gələcək təhlükəsizlik sisteminin qurulması Türkiyəsiz mümkün deyil.
Türkiyənin NATO üzvü olması, eyni zamanda Rusiya ilə dialoq kanallarını açıq saxlaması onun Avropanın təhlükəsizlik arxitekturasında əvəzolunmaz rolunu daha da gücləndirir.
Birincisi, münaqişənin hazırkı mərhələsində həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan heç bir aktor Türkiyə qədər balanslaşdırılmış mövqe sərgiləmir.
Bu baxımdan, Ankara - Moskvanı danışıqlar masasına gətirə bilən; Kiyevi təhlükəsizlik zəmanətləri ilə əmin edə bilən; Qərbin maraqlarını nəzərə alan; BMT, NATO və Avropa ilə koordinasiyaya açıq olan yeganə vasitəçi ölkədir.
İkincisi, Bu məsələdə  Ərdoğanı Tramp administrasiyası üçün ideal tərəfdaş hesab etmək olar.
Çünki Trampın "sürətli razılaşma, yüksək siyasi təzyiq, şəxsi diplomatiya" strategiyası Türkiyənin çevik diplomatiya modeli ilə üst-üstə düşür.
Üçüncüsü, Rusiya-Ukrayna liderlərini bir masaya gətirmə qabiliyyətinə malik yeganə ölkədir.
Əgər tərəflərdan minimal razılıq olsa, Ankara həm Zelenski, həm də Putinlə birbaşa görüş təşkil etmək gücünə malik olan az sayda ölkədən biridir.
Nəticə olaraq deyə bilərik ki, Ankaranın vasitəçilik şansı yüksəkdir, lakin prosesin açarı tərəflərin siyasi iradəsindədir
Türkiyənin Trampın sülh planının həyata keçirilməsində oynaya biləcəyi - real, geosiyasi baxımdan əsaslandırılmış, tarixi təcrübə ilə sübut olunmuş, Qərb, Moskva və Kiyev tərəfindən qəbul edilə bilən bir roldur.
Ankara artıq sübut edib ki, nəinki regional, həm də qlobal səviyyədə sülhün qurulmasında aparıcı aktordur. Mövcud beynəlxalq münasibətlər sistemində Rusiya-Ukrayna müharibəsinin ədalətli və dayanıqlı şəkildə sonlanması məhz Türkiyənin vasitəçiliyi ilə daha real görünür.



Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31