Venesuelaya hərbi müdaxilə an məsələsidir- ÖZƏL

"ABŞ və Venesuela arasında münasibətlər bəlli səbəblərə əsasən olduqca gərgin vəziyyətdədir. Birləşmiş Ştatlara  məxsus avia daşıyıcı və onu müşayət edən güc qrupu Karib dənizində  Pentaqondan gələcək əmrləri gözləyir. Artıq geri sayım başlayıb. Çünki, ABŞ Dövlət Departamenti Maduro rejimini rəsmi şəkildə terror təşkilatı kimi tanıdı və mövcud qərar  Karakasa qarşı hərbi intervasiyanı  beynəlxalq hüquq cəhətdən legitimləşdirir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Venesuelada öz növbəsində müharibə hazırlıqlarına başlayıb. Görüntülərə əsasən sahil xətti boyunca HHM sistemlərinin yerləşdirilməsi həyata keçirilib və şəhər döyüşləri üçün mülki şəxslərə müxtəlif döyüş metodları aşılanır.  Təbii ki, Birləşmiş Ştatların cəmləşdirdiyi qüvvələrin kəmiyyətinə nəzər saldıqda genişmiqyaslı müdaxilədən daha çox nöqtə əməliyyatların keçiriləcəyi ehtimalı artır. Və hesab edirəm ki, proses yalnız  prezident Maduronun aradan götürülməsinə hesablanıb. Bəs qlobal müstəvidə ziddiyyətlərin, münaqişələrin və hərbi toqquşmaların artığı bir vaxtda Ağ evin yeni bir münaqişə ocağı yaratmaqda niyyəti nədir? Aydındır ki, ilkin göstərilən arqumentlər, yəni, narkotik qaçaqmalçılığı böyük ölçüdə, Birləşmiş Ştatlara zərər verən prosesdir və hökumət mövcud mənfi tendensiyanın nəzarətdən çıxmasından çox narahatdır. Lakin bütün səbəblər bu deyil. ABŞ Monro doktrinasından irəli gələn prinsiplər əsasında Amerika qitəsində tamamilə nəzarəti ələ almağa çalışır.  Bir növ, digər güclərin qitə üzərində varlığını artırması məqbul hesab edilmir. Eyni zamanda, məhz neft-qaz faktoru və onun üzərində gedən rəqabət prosesi bu dərəcə mürəkkəbə  sürükləyir. Venesuela faktiki olaraq  kəşf edilmiş neft ehtiyatlarına görə dünya lideridir. Söhbət 303 milyard varlildən gedir və Maduro hökuməti bu sərvətdən məhz Birləşmiş Ştatların sanksiyaları səbəbindən tam mənada yararlana bilmir. Aydındır ki, bu situasiyanı fürsətə çevirən bir güc daha var. O da, Çindir. Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyalara rəğmən çox ucuz qiymətə Venesuela neftini satın alır və öz iqtisadiyyatını inkişaf etdirir. Təbii ki, bu qədər sərvəti olan bir ölkəni əsas rəqibin ixtiyarına vermək ABŞ üçün qəbuledilməzdir. Ümumiyyətlə Çinin Amerika qitəsində varlığını artırması Tramp Administrasiyasını ciddi şəkildə narahat edir. Belə olduğu təqdirdə, Venesuelaya hərbi müdaxilə sadəcə an məsələsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31